Xalqın pulunu talan edənlərin yuxusunu qaçıracaq qanun...

17 İyun 2020 13:15 (UTC+04:00)

Ölkə ictimaiyyətinin çoxdan gözlədiyi qanunvericilik aktı MM-də ilk oxunuşda qəbul olundu. Söhbət Cinayət Prosessual Məcəlləsinin 521-ci maddəsinə edilmiş xaricdəki əmlakın müsadirə edilməsi qaydası barədə bənddən gedir. Qeyd edək ki, Məcəllədəki bu maddə “Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası qaydası” adlanırdı. Milli Məclisin 5 iyun sessiyasında maddənin adı dəyişdirilərək “Əmlakın müsadirəsi barədə Azərbaycan Respublikasında çıxarılmış hökm və ya digər yekun qərarların xarici ölkədə icrası” adlandırıldı və ona maddənin icra mexanizmini müəyyənləşdirən bənd artırıldı. Artırılan 521.1 bəndinə əsasən, xarici ölkədə yerləşən əmlakın müsadirə olunması barədə Azərbaycanda çıxarılmış hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindiyi tarixdən beş gün müddətində icra olunacaq. Əmlakın hüquqi yardım çərçivəsində xarici ölkədə müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılmasının təmin olunması məqsədilə cinayət işi üzrə bütün materiallarla birlikdə Baş Prokurorluğa göndəriləcək. Baş Prokurorluq xarici ölkədə yerləşən əmlakın müsadirə edilməsi və həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən tələb olunan zəruri tədbirləri görəcək.

2020-ci il iyul ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulan bu maddə ona görə əhəmiyyətlidir ki, bu günə qədər Azərbaycanın müxtəlif dövlət orqanlarında işləyən iri məmurların və məmurlar ilə bağlı olan iş adamlarının korrupsiya yolu ilə ələ keçirib xaricə daşıdığı sərvətlərin geri qaytarılması mexanizmi faktiki yox idi. Xarici dövlətlər isə mənbəyi göstərilə bilməyən həmin əmlakları müsadirə edir və ya fəaliyyətini dondururdu. Nəticədə Azərbaycan xalqının boğazından kəsilib mənimsənilən mülkiyyətlər əslində oğru məmurlara da qismət olmur, havadan asılı vəziyyətdə qalırdı. Halbuki həmin mülkiyyətlər Azərbaycan xalqının halal pullarıdır və ölkə iqtisadiyyatının dirçəlməsi üçün o vəsaitlərə ehtiyac var. Sözsüz ki, onların geri qaytarılması ölkə iqtisadiyyatını yenidən canlandıra və neft gəlirləri azalan məmləkətimizdə qeyri-neft sektorunun inkişafına təkan verə biləcək.

Hər bir halda, ədalətin bərpası cəmiyyətin qanunlara, mövcud hakimiyyətə, hüquq mühafizə orqanlarına inamını artırır və cəmiyyətə qanun-qaydalara hörmət və riayət hissi doğurur.

Korrupsioner məmurların əmlakının müsadirə edilərək Azərbaycana qaytarılmasının ən müsbət cəhəti ondan ibarətdir ki, xalqın cibindən oğurlanmış həmin vəsaitlər oğrularda qalmayacaq, öz həqiqi sahibinə - Azərbaycan xalqının ixtiyarına veriləcək. Ölkəmizə qaytarılan o vəsaitlər bir sıra müəssisələrin yaradılması və inkişaf etdirilməsi məqsədilə iş adamlarına kredit olaraq verilə biləcək və iş adamlarımız öz təsərrüfatlarını inkişaf etdirdikcə, həmin vəsaitləri müəyyən faiz artımlarıyla hissə-hissə geri verəcək. Nəticədə iqtisadi inkişafımızın təməli sayılan bir fond formalaşacaq və davamlı böyüyəcək. Bu həm də Azərbaycanda real iqtisadi sektorlarla yanaşı, bank sisteminin də möhkəmlənməsinə şərait yaradacaq. Ölkədən qaçaq yolla pul çıxarmada ixtisaslaşan, Türkiyə ilə bağlı Matrix Group kimi şirkətlərin və onların benefisarlarının xüsusi reyestrləri olmalı və bu məlumatların Azərbaycan Respublikasının əməkdaşlıq etdiyi digər ölkələrin hüquq mühafizə orqanları ilə paylaşma mexanizmin yaradılmasını məqsədəuyğun hesab edirəm.

Sirr deyil ki, Azərbaycan iqtisadiyyatı neft və qaz hasilatından indiyədək yüz milyardlarla dollar qazanc əldə edib. Dövlət Neft Fondunun rəsmi açıqlamasına görə, təkcə Azəri-Çiraq-Günəşli yataqlarından 2018-ci il sentyabrına qədər 135 milyard 142 milyon dollar vəsait əldə edə bilmişik. Digər yataqları və qaz hasilatını da bu hesaba qatsaq, karbohidrogen ehtiyatlarımızın ölkəmizə qazandırdığı pulların həcminin daha da artacağını görə bilərik. Əlbəttə ki, bu vəsaitlərin hamısı göyə sovrulmayıb. Azərbaycan iqtisadiyyatının infrastrukturu məhz bu maliyyə gücümüz hesabına formalaşıb və hazırda fəaliyyət göstərir. Bu vəsaitlər sayəsində Azərbaycanın ən ucqar kəndlərindən tutmuş paytaxta qədər müasir yollar salınıb, iqtisadiyyatımızın qan-damar sistemi formalaşdırılıb. Ölkəmiz məhz bu yolların sayəsində bir çox beynəlxalq nəqliyyat-kommunikasiya marşrutlarının yolayrıcına çevrilib. TANAP-TAP kimi beynəlxalq əhəmiyyətli qaz kəməri, Bakı-Ceyhan boru xətti, Bakı-Tblisi-Qars dəmiryolu kimi böyük layihələri maliyyələşdirib. Məmləkətimizin müxtəlif yerlərində böyük sənaye parkları salınıb, kənd təsərrüfatı inkişaf etdirilib. Onlarla böyük aqro-parklar salınıb, istehsal müəssisələri tikilib. Ölkə iqtisadiyyatımızın təməlləri məhz bu gəlirlərin sayəsində qoyulub və inkişaf etdirilib.

Bununla belə, Azərbaycan xalqının bu sərvətinə əl uzadanlar, xalqın əmlakını mənimsəyənlər də az olmayıb. Dövlətin gücündən istifadə edib korrupsiya yolu ilə şəxsi əmlakını artıran iri məmurlar mənimsədikləri vəsaiti Azərbaycana belə yatırmayıb xarici ölkələrə daşıyıblar. Bir növ, Azərbaycanın var-dövlətinin talanması hesabına xarici dövlətlərin iqtisadiyyatının güclənməsinə xidmət ediblər. Məhz bu səbəbdən də korrupsioner məmurların fəaliyyətini yalnız vəzifə səlahiyyətlərindən sui-istifadə yoluyla haqsız qazanc əldə etmək kimi qiymətləndirmək də mümkün deyil. Bu həm də öz ölkəsində yüksək vəzifə tuta-tuta xarici dövlətlərə töycübaşılıq etmək deməkdir. Xarici dövlətlərin Azərbaycanın sərvətini talamaq üçün planlaşdırdıqları imperialist siyasəti həyata keçirmək mexanizmidir. Bu mexanizmin çərxinə çevrilən hər bir iri məmur korrupsiya əməlləriylə gözə görünməyən işğalçılıq siyasətində içtirak ediblər. Öz xalqının istismarında imperialist qüvvələrin yanında yer alıblar. Belə adamların əməlinə də məhz bu aspektdən hüquqi qiymət verilməlidir. Necə ki, II Dünya müharibəsində alman faşistlərinin sırasında yer alıb öz xalqına divan tutan legionerlər vətənə xəyanət ittihamı ilə məhkum olunmuşdular, Azərbaycanın sərvətini xaricə daşıyanlar da eyni cəzanı almalıdırlar. Çünki öz ölkəsinin iqtisadiyyatını çökdürərək əldə etdikləri vəsaitlər hesabına xarici dövlətlərin iqtisadiyyatını gücləndirməyin vətənə xəyanətdən başqa adı yoxdur və o cür də tövsif olunmalıdır. Bu gün müxtəlif media qurumlarında Azərbaycanın sabiq və hazırkı iri məmurlarının sərvətlərinin siyahısına baxanda adamın heyrətdən gözləri bərəlir. Belə məlum olur ki, möhtərəm Prezidentin etibar edib ölkə idarəçiliyinin ən mühüm sahəsini tapşırdığı bu məmurlar onlara bəslənən etimaddan sui-istifadə edərək ölkə başçısını da, xalqı da aldadaraq, xarici dövlətlər qarşısında öhdələrinə götürdükləri “tala, ölkədən çıxar və bizim iqtisadiyyata yatır” göstərişlərini həyata keçiriblər. İndisə hər bir töycübaşı kimi oğurlayıb xaricə qaçırdıqları mülkiyyətlər müxtəlif bəhanələrlə onların da əlindən alınır.

Xarici dövlətlərin imperialist siyasətinə qulluq edən bu məmurlardan bəziləri hələ də hakimiyyətdədirlər və dövlətin xalqımıza verdiyi sosial xidmətlərdən yararlanırlar. Övladları, nəvələri Azərbaycan xalqının alın təriylə ərsəyə gələn dövlət büdcəsindən maliyyələşən məktəblərdə oxuyur, özləri və yaxınları polis tərəfindən qorunur, sərhədlərdə şəhid olan kasıb balalarının fədakarlığı sayəsində ölkənin müxtəlif yerlərində özününküləşdirdikləri torpaqları və ail namusları müdafiə olunur. Onlar isə bu millətin sərvətini talayaraq xaricdə aldıqları və heç vaxt içərisində yaşamadıqları mülkiyyətlərə yatırırlar. Bəziləri hətta bu mülkiyyətlərini və pullarını qorumaq üçün əcnəbi fahişələrinin adına keçirirlər. Beləcə, xalqımızın halal haqları hansısa ölkələrin ən aşağı təbəqəsinə qismət olur. Sonunda isə mənbəyini göstərə bilmədikləri həmin sərvətlər tamamilə əllərindən alınaraq xarici dövlətlərin balansına keçir.

Üstəlik, Azərbaycan xalqının əmlakı yalnız iri məmurlar tərəfindən talanmır da. Onların himayədarlıq etdikləri bacarıqsız adamlar da ölkəmizin sərvətlərini talamaqla məşğuldurlar. Məşhur ingilis yazıçısı Redyard Kiplinqin “Cəngəlliklərin kitabı” əsərində Mauqlinin əsas düşməni olan Şirxanın kölgəsinə sığınmış tülkü personajına bənzəyən bu adamlar da ölkəmizə az zərər vurmayıblar. Böyük oğrulara tülkülük edənlərdən bəzilərini tanıyıram ki, Azərbaycandan oğurladıqları sərvətləri xarici ölkələrdən birində iş ofisi açmağa sərf edib. Həmin iş ofisi normal işləyəcəyi təqdirdə ona qazandırdığı pul 28-30 il ərzində çəkilən xərci geri qaytara bilər. Bu müddətdə həmin müəssisənin təmirinə, dövlətə ödədiyi vergilərə xərclədiklərini nəzərə alsaq, bu müddət daha da uzanar. Halbuki o vəsaiti Azərbaycanda ağıllı bir sahəyə yatırsaydı, qısa müddətdə həm xərcini çıxarardı, həm də dəfələrlə artıq pul qazanardı. Amma bu gün çörək puluna həsrət qalan azərbaycanlının var-dövlətinin oğurlanması hesabına xaricə yatırılan o vəsait Şirxanın tülküsünə də heç nə qazandırmır. Koronavirus məhdudiyyətləri səbəbindən xarici ölkəyə gedə bilməyən həmin zavallı qeyri-qanuni yolla əldə etdiyi mülkiyyətinə nəzarət də edə bilmir. Azərbaycan dövləti isə pandemiyayla mübarizə tədbirləri üçün hər gün 150 min manat pul xərcləməli, dolayısıyla Şirxanı və onun tülküsünü də “əsrin vəbası”ndan qorumalıdır. Heç bir dövlət onu avam yerinə qoyan bu tülküləri və Şirxanları bağışlamaz.

Bu mənada Cinayət Prosessual Məcəlləsinin 521-ci maddəsinə edilmiş dəyişikliklər labüd idi.

Mürvət Həsənli