Məşhur şirkətdə rəhbərlik dəyişdi

17 İyun 2020 15:10 (UTC+04:00)

“Az-Granata” MMC-nin rəhbərliyində dəyişiklik olub.

AzNews.az xəbər verir ki, MMC-nin idarə heyətinin sədri vəzifəsinə Vüqar Mikayılov təyin edilib.

Yeni sədrin qısa bioqrafiyasını təqdim edirik:

Mikayılov Vüqar Şahbaba oğlu 1965-ci ildə Ağsu şəhərində ziyalı ailəsində anadan olub. 1980-ci ildə VIII sinifi fərqlənmə diplomu ilə bitirib, Bakı şəhərində yerləşən 5 N-li Respublika Kimya-Biologiya Təmayüllü İnternat məktəbinə əla qiymətlə daxil olub. Burada oxuduğu müddət ərzində Ali məktəblərdə riyaziyyat, kimya və fizika fənləri üzrə keçirilən olimpiadalarda 20-yə qədər I və II dərəcəli diplomlarla təltif edilib. 1982-ci ildə bu məktəbi yalnız əla qiymətlə bitirsə də qızıl medalla deyil, fərqlənmə atestatla Azərbaycan Texnologiya İnstitutunun “Yeyinti məhsullarının texnologiyası” fakultəsinin “Şərabın texnologiyası” ixtisasına daxil olmuşdur. 1984-cü ildən 1986-cı ilədək ordu sıralarında hərbi xidmətdə olmuş, baş serjant rütbəsinə yiyələnərək, tank komandiri kimi tərxis edilib.

1989-cu ildə Azərbaycan Texnologiya İnstitutunu da əla qiymətlərlə başa vurmuş və fərqlənmə diplomu ilə institutu bitirib. İnstitutda oxuduğu müddətdə təsərrüfat hesablı elmi-tədqiqat işləri ilə məşğul olmuş və bu işlərə görə əlavə olaraq 46 manat əlavə əmək haqqı alıb. Axırıncı kursda “Diplom İşlərinin EHM-da hesabatlarının aparılması” mövzusunda dərslik yazıb.

1989-cu ildə təyinatla Ağsu şəhər 2 saylı Üzüm Emalı zavodunda mikrobioloq işləyib və Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda qiyabi olaraq aspiranturaya daxil olub. 1995-ci ildə Yaltada “Maqaraç” Ümumittifaq Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda “Ferment pereparatlarının tətbiqi ilə Madera tipli şərabların istehsal texnologiyasının təkmilləşdirilməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi adına layiq görülüb.

1995-ci ildən 1999-cu ilədək M.Ə.Sabir adına Üzüm Emalı müəssisəsində laboratoriya müdiri vəzifəsində, 1999-cu ildə “ Alov” STA-sında mühəndis-texnoloq vəzifəsində, 1999-cu ildən 2002-ci ilədək “Alko” LTD müştərək müəssisəsində baş laborant, 2002-ci ildən 2004-cü ilədək “Alov” STA-sında mühəndis-texnoloq vəzifəsində və “Az-Granata” Ağsu Şirə və Şərab emalı zavodunun alkoqollu içkilər sektorunun direktoru kimi çalışıb.

2001-ci ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun doktoranturasına daxil olmuş və 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetində “Azərbaycan meyvə və giləmeyvə içkilərinin istehsal texnologiyasının təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsi alıb.

V. Mikayılov 80-dən atıq elmi əsərin, 4 ixtiraya patentin, 4 dərs vəsaitinin 10-larla dərs proqramlarının müəllifidir. 20 elmi əsəri xaricdə, Rusiya, Ukrayna, Moldova, Belorus, Gürcüstanın bu sahəyə dair nüfuzlu nəşrlərində dərc olunub.

2009-cu ildə Ukrayna və Rusiyada keçirilən Beynəlxalq müsabiqələrdə fərqlənmə diplomları ilə mükafatlandırılıb. 2010-cu ildə “Zolotoy Qrifon 2010” Beynəlxalq müsabiqəsində “İlin ən yaxşı şərabçısı” diplomuna, 2012-ci ildə isə “Qolitsin adına qızıl medala” layiq görülüb.