“Yayın istisində qoruyucu geyimlərdə əziyyət çəkən həkimlərə yazığınız gəlsin”

19 İyun 2020 12:30 (UTC+04:00)

“Azərbaycanda koronavirus xəstəliyi hələlik tüğyan etmir və ölkədə epidemioloji vəziyyət nəzarət altındadır”.

AzNews.az xəbər verir ki, bunu Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev Yeni TV-yə müsahibəsində deyib.

O bildirib ki, qaydalara ciddi əməl edilsə xəstələnənlərin sayı azalacaq: “Ölkədə qoruyucu tibbi maskalar kifayət qədərdir. Gigiyenik normativlər də dədə-babadan var, onlara əməl etmək lazımdır. Ona görə də hər şey bizdən asılıdır”.

İ.Ağayev qeyd edib ki, əhalinin 90%-i maskadan istifadə etmir, sosial məsafəni gözləmir, eləcə də şayiələrə inanırlar: “Son vaxtlar ölkənin ən iri xəstəxanaları boşaldılaraq hazır vəziyyətə gətirilib. Bu da təbii ki, əhalinin sağlamlığı üçündür. Hər kəs əxlaqi normalara riayət etməlidir. Mütəxəssislərin dediklərinə qulaq asmaq lazımdır, çünki başqa yolu yoxdur. Heç olmasa yay fəslində 10-12 saat qoruyucu geyimlərdə əziyyət çəkən həkimlərə yazığınız gəlsin”.