“E-Təbib” istifadəçinin şəxsi məlumatlarını toplamır

21 İyun 2020 11:43 (UTC+04:00)

“E-Təbib” mobil tətbiqinə qoşularaq COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınmasına öz töhvənizi verə bilərsiniz.

AzNews.az xəbər verir ki, “E-Təbib” - koronavirusun yayılmasını azaltmağa kömək edən mobil tətbiqdir.

Bu tətbiq vasitəsilə siz ictimai yerlərdə olarkən ətrafınızdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcəksiniz. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəniz olubsa (məsələn, sırada, dükanda və s.), Sizə bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcəksiniz.

“E-Təbib” bluetooth texnologiyası əsasında işləyir, yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur. Bu tətbiqdən nə qədər çox insan istifadə etsə, bütün yoluxanları daha dəqiq və daha sürətli şəkildə müəyyən etmək mümkün ola bilər.

Tətbiqin köməyi ilə bir toxunuşla Koronavorus Əleyhinə Qaynar xətlə əlaqə saxlamaq, statistik məlumatlar almaq və müvafiq yardım, həmçinin müxtəlif bildirişlər və xəbərlər də almaq mümkündür.

Tətbiqi asanlıqla telefonunuza yükləyə bilərsiniz. İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “E-Tabib” və ya “E-Təbib” yazaraq smartfonunuza endirin. Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin. SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edin. Bluetooth qurğusunu işə salın.

Qeyd edək ki, “E-Təbib” tətbiqi mobil telefon nömrədən başqa istifadəçinin heç bir şəxsi məlumatını toplamır.