“Dominant teyze”nin Əli Həsənova atdığı daha bir iftira ifşa olundu

21 İyun 2020 14:24 (UTC+04:00)

İldən-ilə Azərbaycanda yağışdan sonra zəhərli göbələk kimi artan, nəinki peşəkar komandaya malik olan, hətta "bəxti"inə adi xəbər materialını jurnalistikanın beynəlxalq standartlarına uyğun hazırlaya, mətnləri ana dilimizin qrammatikasına uyğun şəkildə redaktə edə biləcək baş redaktor düşməyən bəzi saytlar prezidentin sabiq köməkçisi Əli Həsənova qarşı "qara PR"-ın mərkəzində yer alırlar. Konkret situasiyalarda Azərbaycanın milli maraqlarının dominantlığını ümumiyyətlə dərk etmədikləri dəfələrlə üzə çıxan, Əli Həsənova qarşı "domino effekti" ilə sosial şəbəkə qeybətləri yaymaqla öz savadsızlıqlarını, diletantlıqlarını, uğursuzluqlarını ört-basdır etmək istəyən, ictimai yox, sublimasiya nümunəsi olduqlarını heç zaman başa düşməyəcək bu tiplər, adətən, iftira atmaqda kəskin ifrata varır, müasir dünyada digər pis əməllər kimi, yalanın da ömrünün heç 40 gün çəkmədiyini unudurlar.

Bu cür yalanlardan birinə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sabiq əməkdaşı Bəhruz Həsənov öz Facebook səhifəsində cavab yazıb. 2019-cu ildə Bakıda keçirilən "Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” adlı beynəlxalq media konfransının təşkilati işlərinə məsul olmuş Bəhruz Həsənov bildirib ki, həmin tədbirə dövlət büdcəsindən, ümumiyyətlə, vəsait ayrılmayıb:

"14 oktyabr 2019-cu ildə keçirilən "Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı beynəlxalq media konfransının təşkilati işləri ilə bilavasitə mən məşğul olmuşam. Yəni bütün proses mənim rəhbərliyim ilə həyata keçirilib. Tədbirdə Türkiyədən və digər ölkələrdən olan 70-ə yaxın jurnalist iştirak edirdi. Qeyd etməliyəm ki, konfrans yüksək səviyyədə baş tutdu, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi kimi Əli Həsənov, qardaş Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu iştirak və çıxış etdilər. Qısaca deyə bilərəm ki, "Kürəsəl Gazeteçiler Cemiyyeti"nin başqanı Mehmet Ali Dim və Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı ilə bərabər olduqca məhsuldar və səmərəli bir işə imza atdıq. Bu barədə daha artıq danışmağım özümü, özümüzü tərifləmək olar ki, fikrim – məqsədim o deyil. Mən vəzifə borcumu yerinə yetirmişəm... Tədbir üçün gələn qonaqların nəqliyyat( ölkəyə gəliş-gediş) xərclərini Türkiyə tərəfi, otel və yemək xərclərini isə sponsor şirkət - otel qarşılayıb (oteli müəyyənləşdirib açıqlama almaq və onu yayımlayaraq üzr istəmək kimi bir alicənab davranış gözləyirəm). Bütün danışıqları hörmətli Əli Həsənovun tapşırığı ilə mən aparmışam. Heç kim üçün, heç nə üçün ödəniş olmayıb. Yəni buradan sizə çörək çıxmaz, başqa yerdə xosunlaşın!"

AzNews.az