Mobil nömrələrin köçürülməsi: hansı yeniliklər var?

31 May 2013 10:12 (UTC+04:00)


Bir müddət öncə Azərbaycanın mobil abunəçilərinini tam yeni olan nömrələrin köçürülməsi xidmətindən yararlana biləcəkləri barədə məlumatlar yayıldı. Bildirilirdi ki, həmin xidmətin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edəcək.

Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes partnyorları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bu xidmətin tətbiqi ilə bazanın formalaşdırılması üçün müvafiq işlər görüldüyü, qaydalarda bu xidmətin tətbiq edildiyi ölkələrin təcrübəsi əksini tapdığı və Azərbaycanda mobil operatorlar arasında nömrələrin daşınması üçün son hazırlıq işləri getdiyi bildirilmişdi. Hətta Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə operatorların hazırlığından asılı olaraq mobil nömrələrin daşınması prosesinə keçid başlayacağını söyləmişdi. Lakin son vaxtlar "Mobil nömrənin daşınması" ( NP) məsələsi gündəmdən, demək olar ki, çıxarılıb.

"Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz AzNews.az-a açiqlamasinda bildirib ki, bəzi ölkələrin on illər bundan öncə etdiklərinin Azərbaycanda gerçəkləşdirilməsinin problemə çevrilməsi bir neçə səbəblə bağlı ola bilər: "Əvvəla bu keçid hansısa mobil operatora sərf etməyə bilər. Çünki digər ölkələrin təcrübəsi göstərir ki, MNP işə salınandan dərhal sonra hansısa mobil operatoru minlərlə müştəri tərk edərək digər mobil operatora keçir. Başqa bir amil isə MNP informasiya sistemini idarə edəcək qurum, yəni Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumati Hesablama Mərkəzinin mobil operatorlara diqtəsi ilə bağlıdır. Belə məlumatlar var ki, bu informasiya sisteminin texniki dəstəyinə görə MHM hər mobil nömrəyə görə operatorlardan 1 dollar istəyir. Bu isə həmin mobil operatorlar üçün hər il 10 milyona qədər vəsait itkisidir. Absurd bir şeydir. Deməli heç nədən, nömrənin "ölü" olub-olmamasından, daşınıb-daşınmamasından asılı olmayaq, sistem qurulandan sonra hansisa ciddi bir dəyişiklik olmadan, hər il milyonlar MHM-ə axmalıdır. Güman ki, belə olan təqdirdə operatorlar da bu pulu bizdən, yəni abonentlərindən alacaq".

Osman Gündüzün fikrincə, burada İKT sektorunda Müstəqil Tənzimləyici qurumun olmaması özünü göstərir: "Əlbəttə düşünürəm ki, MNP dəyişikliyinin ilkin dövründə müştərilərin operator seçimində ciddi çalxalanmalar ola bilər. Amma istənilən halda artıq hamının cibində bütün operatorların nömrəsi olduğundan kəskin dəyişiklikdən ehtiyatlanmaq düzgün olmazdı".

Ekspertin fikrincə, yeni xidmətin mobil operator istifadəçilərinə xeyri də dəyə bilər: "Yaxşı və ucuz mobil danışıq xidməti, yeni mobil xidmətlər, keyfiyyətli İnternet xidməti, yeni marketinq və qiymət siyasəti uğrunda Azercell, Bakcell və Nar Mobile arasında rəqabət isə, şübhəsiz ki, kəskin artacaq".

Ruhiyyə
AzNews.az