Keçmiş Prezident və həyat yoldaşına xüsusi imtiyazlar verildi

31 May 2013 11:05 (UTC+04:00)


Trend-in məlumatına görə, bununla bağlı "İcra haqqında" və "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Əmək pensiyaları haqqında", "Milli arxiv fondu haqqında", Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Sosial müavinətlər haqqında" qanunda əlavə və dəyişikliklər edilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, "İcra haqqında" qanunun 68-ci maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycanın keçmiş Prezidenti və onun həyat yoldaşına ayrılmış pensiyaya, sosial müavinətə qarşı mülki tələb yönəldilə bilməz. Yəni, məhkəmələr onların pensiyalarına, onlar üçün ayrılan sosial müavinətlərə qarşı hər hansı borc tələbi, vurulan ziyanın ödənilməsi ilə bağlı tələb və s. bu kimi tələbləri yönəldə bilməyəcəklər.

Azərbaycanın keçmiş Prezidenti hazırda qanunvericilikdə edilən son dəyişiklikdən sonra hazırkı Prezident məvacibinin yarısı qədər - 7500 manat pensiya alır.

"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunun 6-cı maddəsinin beşinci hissəsinə edilən dəyişikliyə əsasən isə Azərbaycan Respublikası Prezidentinə verildiyi kimi, keçmiş prezidentə və onun həyat yoldaşına da ömürlük diplomatik pasport veriləcək, bununla onlar da xüsusi diplomatik statusa malik olacaqlar. Buna görə dövlət rüsumu da tutulmayacaq.

AzNews.az