“Təcrid prosesindən müəyyən yorğunluq var”

25 İyun 2020 18:56 (UTC+04:00)

“Dünya hazırkı pandemiyanın yaratdığı təhlükə ilə ikinci Dünya Müharibəsindən sonra rastlaşmayıb”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib.

O bildirib ki, bu virus insanların sağlamlığına və qida təhlükəsizliyinə, cəmiyyətin fərqli sahələrinə mənfi təsir göstərir: “Koronavirus hansısa ölkəni, hansısa yaş qrupunda olanları, zəifləri, güclüləri seçmir, hər kəsin sağlamlığına zərər verə bilir. Bu səbəbdən BMT-nin baş katibi hər kəsi qlobal səviyyədə mübarizəyə, əməkdaşlığa çağırıb. Hökumətlər bu virusun öhdəsindən təkbaşına gələ bilməyəcək, bunun üçün cəmiyyətin hər bir üzvü, hər birimiz bununla mübarizə aparmalıyıq. Hər birimiz kiçik addımlarla belə bu işə töhfə verə bilərik. Kiçik addımlar əllərin yuyulması, məsafənin qorunması deməkdir. Hər bir şəxsin bu işdə xüsusi öhdəliyi var. Həm Azərbaycanda, həm də dünyada təcrid prosesindən müəyyən yorğunluq var. Kimlərsə işə getmək, sahibkarlar fəaliyyət göstərmək istəyir. Lakin hamımız bilməliyik ki, virusa qalib gəlmədən dünyada iqtisadiyyatın bərpası mümkün olmayacaq.

Bu pandemiya ilə mübarizədə biz Azərbaycanın yanındayıq. Biz Azərbaycanda Heydər Əliyev Fondu, TƏBİB, Səhiyyə Nazirliyi və rəhbər şəxslərlə sıx əməkdaşlıq yaratmışıq. Biz Ümumdünya Səhiyyə Təşkilatının vasitəsilə Azərbaycana həm avadanlıqlar, həm də təlimlər barədə dəstək olmuşuq. Risklərin idarə olunması sahəsində də biliklərin artırılmasına dəstək olmuşuq. Onlayn təhsilin təşkili və idarə olunması sahəsində təcrübəmizi bölüşmüşük. Biz TƏBİB-ə və Səhiyyə Nazirliyinə müəyyən sayda tibbi ləvazimatlar da təqdim etmişik. Hazırda İqtisadiyyat Nazirliyi və Nazirlər Kabineti ilə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün Azərbaycana texniki dəstəyin artırılması istiqamətində müzakirələr aparırıq”.