Günel Mövludun "Düşərgə"si

28 İyun 2020 15:48 (UTC+04:00)

Günel Mövludun “Düşərgə” romanını ah və siqareti növbəli, bəzən də eyni vaxtda çəkə-çəkə oxudum. Əsər boyu əvvəldən-axıracan ağrı-acı, kədər, qüssə yaxamı buraxmadı.

Günel Mövludun istedadını həmişə etiraf etmişəm; məndən iynəli, sancmalı müsahibələr alanda da, şeirlərindən heyrətlənəndə də, yazılarından zövq duyanda da, Markesin məşhur romanının tərcüməsinə görə sevinəndə də... O çadır düşərgəsinin ləğvindən yazdığı reportajın ağrısı indi də dipdiri canımdadır.
Bioqrafiyasına az-çox bələd idim; amma bu romanı oxuyanda dərk elədim ki, bizim tanıdığımız zahirən şən, zarafatcıl, deyib-gülən qızın içərisində, özünün dediyi kimi, “irinli bir yara”, ağrılı bir keçmiş var. Anna Axmatovanın şeirində necəydi? “Əgər siz bilsəydiniz necə zir-zibildən doğulur şeir...”
Günel bu romanında 5 il yaşadığı 1 saylı Qalaqayın qaçqın (çadır) düşərgəsindəki həyatını, yaşantılarını, müşahidələrini yazıb. Onun yazıçı üçün vacib olan möhkəm yaddaşı və adamın ətini ürpədən dəqiq, qəddar müşahidələri məni heyrətləndirdi; indi yaşadığı Norveçin iqlimi kimi soyuq, sakit, bəzək-düzəksiz. Amma yəqin ki, bilərəkdən seçilmiş bu sakit və quru təhkiyə, yalnız faktların və hadisələrin təsviri adamı alt-üst edir, cızdağını çıxarır.


Kitabı oxuduqca onu bir əcnəbinin, ən çox da buz kimi soyuq almanın, norveçlinin əllərində təsəvvür edir, onların keçirəcəyi hisləri, müəllifə yönəldəcəkləri sualları xəyalıma gətirirdim. Yəqin ki, onlar yaşadıqlarından dolayı sarsılmış müəllifə rəhm və mərhəmətlə, bir az da heyrətlə baxacaqlar. Bəlkə də, oxuduqlarına inanmayacaqlar, bəlkə də, yazıçı təxəyyülü sanacaqlar. Heç vaxt sınmayan, özünü sındırmayan Günel isə soyuq əcnəbi oxuculara cavabında bəlkə, daha artıq hadisələr, hekayətlər danışacaq, bununla müharibəyə, insanları minillik yurd-yuvasından didərgin salan düşmənə - işğalçıya qarşı qəzəb, hiddət hissi oyadacaq.
Xalid Hüseyninin əfqan həyatından, Varis Diriyenin Afrikadan - Somalı qadınlarının məişətini təsvirlərindən heç də az sarsıdıcı olmayan hadisələri yazıb Günel. İrinli yarasından tikan çıxaran kimi, ağrılı, təsirli bir əsər qoyub ortaya. Əminliklə deyirəm, Günelin yazıçı təxəyyülü bu məşhur əsərlərin müəlliflərindən qətiyyən geri qalmır. Əksinə, o yazıçılardan fərqli olaraq Günelin yazdıqları təxəyyül materialı deyil, o heç nəyi artırmayıb, nəyisə qondarmayıb, başına gələnləri soyuqqanlılıqla qələmə alıb. Günelin bədii təfəkkürünə bələdəm, şeirlərinin təsir gücünü bilirəm. Bu əsərdə onun sakit, soyuq, emosiyadan, bədii bəzək-düzəkdən uzaq yazı üslubunu qəsdən seçdiyini düşünürəm. Bəlkə də elə buna görədir ki, romanda rast gəlinən yeganə emosionallıq elə sonuncu cümlədədir: ” ...Əllərimlə üzümü qapayaraq hönkürdüm”. Əvəzində, “donuq”, “laqeyd”, “buz kimi” sözləri daha çoxdur əsərdə.


Sarsıntı və ağrı içərisində oxuyub bitirdiyim əsəri sonra bir də vərəqləmək istədim. Ürək eləmədim, qorxdum. Bir də geri qayıdıb o ovqata düşməkdən ehtiyatlandım. Gör indi o düşərgədə yaşayanlar canlarındakı qorxu hissini yenmək üçün nə müsibətlər çəkiblər.
Güneli belə bir təsirli əsər yazdığına görə təbrik edirəm. Sevinirəm ki, öz həyatını qurub, yaxşı ailəsi var, o uzaq və soyuq ölkədə sevdiyi işlə məşğuldur, rahat yazıb-yarada bilir. Və onun gələcəkdə daha təsirli əsərlərlə insanlarımızın sönməyən yaşamaq şövqünü, istedadını, ağrı-acılarını dünyanın fərqli düşüncəyə malik toplumlarına çatdıracağına əminəm.

Rəşad Məcid