Söyüş terroruna dəstək verən Avropa və Amerika

28 İyun 2020 16:29 (UTC+04:00)

Tələbə vaxtlarım idi. Rayona getmək üçün dəmiryol vağzalında qatar gözləyirdim. Ortalıqda fahişə olduğu bəsbəlli bir qadın dolaşırdı. Geyimi, sirsifəti və davranışı son dərəcə vulqar olduğundan istər-istəməz diqqət çəkirdi...

Məndən 5-6 yaş böyük olan kənd mənşəli cavan bir kişi ona yaxınlaşıb nəsə deməyinə peşman oldu. Fahişə səsini başına atıb ona elə dəhşətli söyüşlər söydü ki, az qaldım qulaqlarımı qapayam. Fahişənin ağzını cavan kişinin qəfil güllə kimi açılan şapalağı yumdu. O, tirtap yerə sərildi, camaat bir anda başına yığıldı.

Cavan kişi özünü itirmişdi, nə edəcəyini bilmir, key-key yerə sərilmiş fahişəyə, adamlara baxırdı. Mənə baxanda hansısa gözəgörünməz qüvvənin təsiri ilə ona dedim ki, tez ol, polis gəlməmiş aradan çıx. O elə bil yuxudan ayıldı və cəld perronlara doğru götürülüb, adamlara qarışdı...

Demək istəyirəm ki, söyüş söyməyin, şüvən salmağın fahişə xisləti olduğunu bu həyatda az-çox yaşamış hər kəs bilir. O adamların ailəsi də pozğun olur. Kimsə kiməsə ana, bacı, arvad, qız söyüşü söyürsə, özünün, anasının, bacısının, arvadının, qızının fahişəliyindən doğan kompleksini ovutmağa çalışır. Vağzaldakı fahişə də o cavan kənd kişisinin anasına, arvadına, qızına öz adını qoyurdu. Biz çox zaman abrımıza qısılaraq istər qadın, istərsə də kişi fahişələrə baş qoşmuruq. Onların çoxunun "işverən" olduğunu, insanları provokasiyaya çəkdiklərini, polisə təhvil verib hesab aldıqlarını da bilməmiş deyilik. Ancaq bu adamlara cəmiyyətdə münasibət təbii ki, birmənalı olaraq pisdir. Vağzalda yarıçılpaq dolaşan o fahişənin məqsədi də, şübhəsiz, o kənd kişisini polisə təhvil verib bir xoruza yük eləmək idi. Etiraf edək ki, polis orqanlarında belə "qazları" yolmaqla məşğul olanlar, bu məqsədlə fahişələr, mavilər, dilənçilər, provokatorlarla əməkdaşlıq edənlər var...

Ancaq son zamanlar Azərbaycan polis orqanlarında aparılan islahatların bu halları xeyli azaltdığını düşünür və müşahidə edirəm. Bunda əlbəttə, informasiya texnologiyalarının son nailiyyətlərindən fəal istifadə edən cəmiyyətimizin də rolu var, amma əsas məsələ, məncə, sadəcə polisin öz vəzifə borcunu, məsuliyyətini dərk etməsi, öz qüruruna, ləyaqətinə, mundirinə, dövlətinə hörmətlə yanaşmasıdır. Bu da şübhəsiz, dövlətçilik ənənələrimizin getdikcə möhkəmlənməsi, vətəndaşlarımızın öz hüquqlarını dərk etməsi, davranışlarını qanunlara adekvat korrektə etməsi ilə əlaqədardır.

Bəziləri bu müsbət tendensiyanın bizə Avropadan gəldiyini zənn edir və deyir. Olsun. Biz AŞ-yə üzv olmuşuq, ona görə də qanunlarımızı, necə deyərlər, "Avropa standartlarına" uyğunlaşdırırıq, müasir tələblərə uyğunlaşmaq üçün onların iş üslubunu mənimsəyirik, bu məqsədlə baha qiymətə çoxlu avadanlıq, texniki vasitə alınır və s.

Ancaq məni bir şey ciddi düşündürür. Əgər Avropada hüquqa, qanunlara, qaydalara ciddi əməl olunursa, orada "İnsan haqları" məhkəməsi mövcuddursa, hüququ pozulan insanlar son instansiya olaraq məhz ora müraciət edirlərsə, niyə Avropanın himayə etdiyi, sığınacaq verdiyi fahişə xislətli məxluqların namuslu insanlara qarşı mənəvi terroruna qarşı heç bir tədbir görülmür? Nəinki tədbir görülmür, hətta o tərbiyəsiz, vicdansız, əxlaqsız məxluqlar əməlli-başlı himayə olunur...

Məsələn, bir həftə öncə Əli Kərimlinin əmisi oğlu olduğu deyilən bir məxluq bir video paylaşaraq millət vəkili Fazil Mustafanın atasını ən çirkin və iyrənc formada təhqir etdi. O hətta xeyli irəli gedərək birinci xanım Mehriban Əliyeva haqqında da kişiyə yaraşmayan iftira, böhtan səsləndirdi. Əlbəttə, belə sözlər danışan adam ilk növbədə öz ailəsini, öz sülaləsinin, nəslinin qadınlarını düşünməlidir. Əgər düşünmür və danışırsa, deməli, şətəfini, namusunu, qeyrətini çoxdan itirib. Kişi düşmənçiliyi də kişi kimi edər və qadın adı çəkməz. Ancaq bu başqa söhbətin mövzusudur...

İnqilab Kərimov adlı məxluq axırda dedi ki, Azərbaycan hakimiyyəti mənə heç nə edə bilməz, çünki məni Fransa dövləti qoruyur. Yəni demək istəyir ki, biz buradan kimi istəsək söyəcək, təhqir edəcək, kimə istəsək böhtan, iftira atacaq, mənəvi terror həyata keçirəcəyik və bu məsələdə Fransa dövləti bizi dəstəkləyir.

İndi istər İnqilab olsun, istər Vidadi, istər Qurban, istər Qabil, istər Orduxan və digərləri. Bunlar hərəsi bir Avropa dövlətində, ABŞ-da oturub oradan bura söyüş, təhqir, iftira yağdırır və heç bir cəza almırlar. Bu nə deməkdir? Bu həmin dövlətlərin bizə qarşı mənəvi terror, diskriminasiya, rasizm (bəli, rasizm, yəni səndən fərqli irqlərə dözümsüzlük) siyasəti deyilmi? Niyə bu məsələlər Avropa Şurasında müzakirə olunmur? Niyə dövlətimiz həmin dövlətlərə nota vermir, o cinayətkarları (bəli, cinayərkarları) tələb eləmir? Eləyirsə, niyə Avropa və ABŞ onları israrla müdafiə edir, vermək istəmir və vermir? O söyüşçül, iddiası qabiliyyətindən və səviyyəsindən qat-qat yekə olan alçaqlardan birini Almaniya deportasiya etmişdi. Amma qorxusundan dərhal şüvən saldı, damarlarını doğradı və canını qurtardı. Təbii ki, avropalıların "daydaylığı" ilə.

Tutaq ki, lap hakimiyyət pisdir, korrupsiya və rüşvət var, haqsızlıq var, sizə istədiyiniz yerdə mitinq keçirməyə imkan vermir. Məgər onda ana-bacı, arvad-qız söyüşü söymək lazımdır? Məgər söyüş söymək problemləri həll edir? Məgər terror vəziyyətdən çıxış yoludur? Terror çıxış yolu olsaydı, PKK, Əl-Qaida, İŞID nəyəsə nail olardı. Sizin onlardan bircə fərqiniz var: güllə əvəzinə küfr, söyüş yağdırırsınız.

Bu ölkədəki vəziyyətdən hamımız əziyyət çəkirik. Hətta bu dövləti idarə edənlərin özləri də. Sizin söydüyünüz adamların bir çoxu işdən çıxarılıb, həbs olunub. Bu bir siyasi prosesdir, dünyada gedən qlobal hadisələrin tərkib hissəsidir. Əgər özünüzü siyasətçi sayırsınızsa, bir balaca düşünün, hadisələrə geniş yanaşın və normal mübarizə aparın.

Mən sadəcə balkondan zibil atanları qınamışam. Heç bir söyüş söyməmişəm. Polisin hərəkətini birmənalı təqdir etməmiş, araşdırılmasının zəruriliyini ifadə etmişəm. Vəssalam. Amma bundan sonra görün Avropa və Amerikanın himayə etdiyi ikiayaqlılar məni nə qədər təhqir və təhdid ediblər. Bəs mənim hüququmu, şərəfimi-ləyaqətimi kim qoruyacaq? Məgər mən fikrimi deyə bilmərəm? Lap tutaq ki, səhv edirəm. Axı kimsəni söymür və təhqir etmirəm. Fazil Mustafa zibil atanları bir qədər sərt formada qınayıb. Mən onun işlətdiyi ifadəyə haqq qazandırmıram. Ancaq o, qurşaqdan aşağı söz deməyib axı. Digər tərəfdən, onun atasının məsələyə nə dəxli var?

Mən həmişə demişəm, bu gün də təkrar edirəm. Ölkəmizdə yetərincə problem, haqsızlıq, kottupsiya halları, rüşvətxorluq var. Bunu ölkə başçısı özü də etiraf edir. Ancaq bu ölkə bizimdir və onun problemlərini özümüz yaratdığımız kimi, özümüz də həll etməliyik. Mənim heç bir korrupsiya əməlində rolum olmayıb, heç vaxt vəzifə tutmamış və rüşvət almamışam, daim halal zəhmətimlə yaşamışam, bu ölkənin ən təmiz adamlarından biriyəm. Ona qalsa ən çox qınamaq, tənqid etmək mənim haqqımdır. O xaricdə sığınacaq alan, oradan müxalifətçilik edən, söyüş söyən məxluqların heç birinin mənim qədər təmiz reputasiyası yoxdur. Heç onların liderlərinin, sahiblərinin də... Ancaq mən məsələlərə dözümlü yanaşmağa çalışır, real həll yolları axtarır, təbliğ edirəm. Söyüş söyənlər bilməlidirlər ki, onlar nəinki məndən, hətta ən çox çirkaba bulaşmış məmurlardan belə əxlaqsız, qəddar, vicdansız və namussuzdurlar. O adamların əlinə, şübhəsiz, heç vaxt hakimiyyət keçməyəcək, amma keçsə nələr edərlər və ilk növbədə öz miskin varlıqlarına son qoyarlar. İŞID kimi. Onların əlinə kiçik bir tribuna keçməklə nələr danışırlar, vəzifələri, məqamları olsa nələr edərlər?..

Yaxın Şərqi idarə etmək üçün terror təşkilatları yaradan Avropa və ABŞ imperiyası söyüşçülərdən də əlaltı, şantaj vasitəsi, söyüş ruporu kimi istifadə edərək, bunun müqabilində bizi “zəif yerimizdən” vurur, təhdid altında saxlamağa çalışır, öz imperiya siyasətini həyata keçirir. Amma gün gələcək o məxluqların istifadə müddəti bitəcək və bütün satqınlar kimi layiqli cəzalarına çatacaqlar.

Nadir Qocabəyli