“Prezidentin təklifinin dəstəklənməsi ölkəmizə böyük etimaddır”

29 İyun 2020 21:23 (UTC+04:00)

Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb.

130 ölkə də bu təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb.

AzNews.az-ın məlumatına görə, məsələ ilə bağlı “Sherg.az”a danışan politoloq Yeganə Hacıyeva bu təşəbbüsü Azərbaycan Prezidentinin COVİD 19-a qarşı beynəlxalq mübarizə fəaliyyətinin bir hissəsi kimi dəyərləndirib. Azərbaycan Prezidentinin xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün beynəlxalq səviyyədə dəstəklənməsini isə dünya dövlətlərinin Azərbaycana olan böyük etimadı və hörməti kimi qəbul etdiyini deyib:
"Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünün 130 ölkə tərəfindən dəstəklənməsinin faydaları barədə danışırıqsa, Qoşulmama Hərəkatının keçən il ölkəmizdə keçirilən sammiti və onun nəticələrini xatırlamaq yerinə düşər. Bildiyiniz kimi Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci sammiti gedişatında siyasi, iqtisadi, humanitar, mədəniyyət və təhlükəsizlik sahəsini əhatə edən mühüm məsələlər müzakirə olunub, 10-a yaxın sənəd imzalandı. Qəbul olunmuş sənədlərin içərisində bütün iştirakçıların dəstəklədiyi dörd əsas sənəd -Bakı Yekun Sənədi” , “Bakı Siyasi Bəyannaməsi” , “Fələstin bəyannaməsi” və tədbirin yüksək səviyyədə keçirildiyini özündə əks etdirən “Azərbaycan hökumətinə və xalqına təşəkkür və həmrəylik sənədi” - diqqəti cəlb edirdi.
Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair mövqelər Bakı Siyasi Bəyannaməsində və Azərbaycan hökumətinə və xalqına təşəkkür və həmrəylik sənədində öz əksini tapırdı.
Bakı Yekun Sənədində BMT-yə üzv olan 193 ölkədən 120-sinin dövlət və hökumət başçıları ərazilərin güc yolu ilə zəbt edilməsinin yolverilməzliyini vurğuladılar və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktı tanındıqlarını qeyd etdilər.
Yəni bir sənədlə 120 dövlət Azərbaycanın ərazi bütövlüyünü, Ermənistanın ərazilərimizi işğalı faktını tanıdı. Bu isə dünyada beynəlxalq birliyin subyekti olan dövlətlərin 63 faizinin Ermənistanı işğalçı kimi tanımağı anlamına gəlir".

Konkret məsələyə gəldikdə isə Y.Hacıyeva deyib ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsü koronavirus pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə imkan yaradacaq, qlobal səviyyədə koronovirusla mübarizədə, ölkələrin təcrübələrinin bölüşməsi, birgə həll yollarının axtarılması istiqamətində ölkələrin siyasi səfərbərliyinin təşkili olacaq:

"Ötən ay Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilmişdi.

Azərbaycanın prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu görüş beynəlxalq münasibətlərdə yeni yanaşma olan vacib sosial, iqtisadi, siyasi mövzular ətrafında rəqəmsal siyasi səfərbərlik təşəbbüsləri qlobal böhran vəziyyətlərində problemlərin həllində virtual əməkdaşlığın faydalılığını üzə çıxartmışdı".