"Formula 1": Sergey Sirotkin "Reno"nun ehtiyat pilotu olacaq

30 İyun 2020 15:45 (UTC+04:00)

Rusiyalı pilot Sergey Sirotkin "Formula 1"də çıxış edən "Reno" komandasının 2020-ci ilin sonunadək ehtiyat pilotu olacaq.

25 yaşlı sürücü yarışlarda iştirak edə biləcək. "Reno" mövsümün sonunda Daniel Rikkardo və Esteban Okonla yollarını ayıracaq, komandanın 2021-ci ildə hansı piltolarla çıxış edəcəyi bəlli deyil.

Sirotkin "Reno"nun ehtiyat pilotu kimi qaldığı üçün şad olduğunu söyləyib. O, komandanı çox yaxşı tanıdığını və 2019-cu ildə bütün mövsümü burada olduğunu xatırladıb. Qeyd edək ki, Sergey Sirotkin 2018-ci ildə "Williams"ın əsas pilotu olub. "Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Mövsümə Avstriyada (3 - 5 iyul və 10 - 12 iyul) start veriləcək. Daha sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub. (Report)

AzNews.az