Bakının mərkəzində çadırlar quruldu - Fotolar

31 May 2013 13:26 (UTC+04:00)
İyunun 1-i Bakıda "Avropa Şəhərciyi" festivalı keçiriləcək.

Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyi və AB-yə üzv dövlətlərin səfirlikləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Avropa Hərəkatı Azərbaycan təşkilatı ilə 1-2 iyun tarixlərində "Avropa Şəhərciyi" festivalı keçiriləcək. Artıq bu məqsədlə "İçərişəhərdə" Avropa ölkələrinin Azərbaycandakı səfirliklərinin tanıtım çadırları qurulub. AB-nin Azərbaycandakı nümayəndəliyindən "Yeni Müsavat"a verilən verilən məlumata görə, festival zamanı Avropa ölkələrinin mədəniyyəti, mətbəxi və turistlik məkanları təqdim olunacaq. Təşkilatçıların sözlərinə görə, tədbirdə məqsəd Avropa rəqslərini, musiqisini, xörəklərini, dillərini və bir çox digər fəaliyyət növlərini Azərbaycan ictimaiyyətinə nümayiş etdirməklə, Avropanın mədəni həyatının müxtəlifliyini və zənginliyini vurğulamaqdır.

"İçərişəhər" Dövlət Qoruğu İdarəsindən verilən məlumata görə, "Avropa Şəhərciyi" İçərişəhərdə 1 və 2 iyun tarixlərində saat 11-dən saat 21-dək açıq olacaq. İstirahət günlərində qonaqlar AB və ona üzv dövlətlərin stendlərinə gedə biləcək, AB-nin yardımı ilə Azərbaycanda icra olunan layihələrlə tanış olacaq, AB səfirlərinin müxtəlif təqdimatlarını və nitqlərini dinləyə biləcək, rəqs, dil dərsləri keçəcək, karaoke oxuyacaq, Avropa mətbəxini dadmaq, müxtəlif viktorinalarda iştirak etmək və müxtəlif mükafatlar qazanmaq imkanı əldə edəcək. Hər iki axşam Azərbaycanın məşhur və Avropanın istedadlı musiqiçilərinin həm klassik, həm də müasir üslubda ifası ilə keçiriləcək konsertlərlə yekunlaşacaq.

Qeyd edək ki, AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirmişdi ki, "Avropa Şəhərciyi" AB ilə Azərbaycan arasındakı əlaqələrin genişlənməsini nümayiş etdirən mühüm alətdir: "Bu, Avropa Birliyinin Azərbaycandakı fəaliyyətini nümayiş etdirir, qonaqları Avropanın təklif etdiyi məsələlərdə iştirak etməyə və onun dadını çıxarmağa dəvət edir. Bununla AB və ona üzv dövlətlər barədə Azərbaycanda məlumatlanma artacaq və ümidvarıq ki, cari ilin noyabr ayında viza rejiminin sadələşdirilməsi sazişləri imzalanan kimi bu, növbəti dəfə Avropanın hansı ölkəsinə səfər etməyi qərar vermələrində bizim qonaqlara yardım edəcək. Hər kəsi "Avropa Şəhərciyi"ndə Avropanı görməyə, öyrənməyə, onunla rəqs etməyə və onu hiss etməyə dəvət edirəm".

AzNews.az