"Liviyadakı proseslər eyni “teatrın” ikinci səhnəsidir"

8 İyul 2020 13:40 (UTC+04:00)

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Politoloq bildirib ki, BMT-nin operatorluğunda bitən vətəndaş müharibəsindən sonra ölkədə faktiki iki güc mərkəzi yaranıb.

“Paytaxt Tripoli və ətraf ərazilər olmaqla Liviyanın qərbinə BMT-nin 93 ölkəsi tərəfindən legitim ünvan kimi tanınan Milli Etimad Hökuməti - Ümumi Milli Konqres nəzarət edir. Aralıq dənizi sahilindəki strateji neft limanı da daxil olmaqla ölkənin şərqinə isə Liviya Nümayəndələr Palatası nəzarət edir .

Reallıqda isə yerlərdə bu gün bir hakimiyyəti, sabah isə digər hakimiyyəti dəstəkləyən çoxlu sayda yerli hərbi dəstə və 2015-ci ildən sonra Yaxın Şərqdən daşınmış muzdlu silahlı qruplar var idi. Məsələn, İtaliya kəşfiyyatının məlumatına görə, Liviyanın cənubunda, ümumiyyətlə heç kimə tabe olmayan 1500 qədər silahli İŞİD muzdluları, onlarla birlikdə olan qəbilə və qruplar var”.

Y. Hacıyeva qeyd edib ki, Milli Etimad Höküməti 2015-ci ildə Liviyadakı müxtəlif qruplar arasında BMT-nin vasitəçiliyi ilə aparılan danışıqların yekununda – həmin il dekabrın 17-də Mərakeşin Sirat şəhərində imzalanmış saziş əsasında yaradılan legitim təsisatdır: “2019-cu ildə ABŞ-ın İŞİD-ə qarşı aviazərbələrindən sonra isə Liviya Nümayəndələr Palatasını dəstəkləyən, marşal Xəlifə Haftarın komandanlıq etdiyi Liviya Milli Ordusu Aralıq dənizi sahilindəki Sirtə körfəsinin dörd əsas neft terminalını - Ras Lanuf limanlarını, Es-Sider, Marsa El Brega və Zirweitin neft terminallarını ələ keçirdi. Liviya neftinin yarısından çoxunun ixracı həyata keçirilən bu limanları nəzarət altına alandan sonra marşal Xəlifə Haftar ciddi pul axını üzərində nəzarəti əldə etdi. Burada bir haşiyəyə çıxım ki, Liviyadakı proseslər Şimali Afrika, Yaxın Şərqdə gedən proseslərin, yəni eyni “teatrın” ikinci səhnəsidir. Eyni aktorların kiçik bir üz dəyişərək çıxdığı səhnə”.

Ekspert vurğulayıb ki, Xəlifə Haftar hələ 1980-ci illərin sonunda qiyamçı, kənar qüvvələrlə sıx iş birliyi olan, xarici oyunçuların Liviyaya qarşı alət olaraq istifadə etdiyi, Liviya daxilindəki proseslərdə nəzərə alınan amildir: “Hər nə qədər əvvəldən onun birtərəfli formada Rusiyaya bağlılığı haqda danışılsa da, Haftar həmişə sağ-solu bəlli olmayan, iqtisadi maraqların təmin olunmasında bir alət rolunu oynayan qiyamçı-hərbçi olub. Bu zaman ərzində də, sifarişləri kimdən alıbsa, onlara da xidmət edib. İndi Vagner muzdluları ilə ittifaqda olan, uzun müddət Rusiyanın maraqlarına xidmət edən biri olsa da, zamanla Amerikanın da tapşırıqlarını yerinə yetirib.

Haftar 2011-ci ildə öldürülən Liviya lideri Mummar Qəddafinin ən yaxın silahdaşlarından biri olub, lakin 1980-ci illərdə Liviya-Çad müharibəsi zamanı uğursuz bir əməliyyatdan sonra Haftar əsir düşüb, əsirlikdə hərbi məlumatların amerikanlara ötürməsi üzündən Qəddafi öz müttəfiqindən imtina edib.

Ardınca ABŞ-a gedən Xəlifə Haftar Mərkəzi Kəşfiyyatın agenti kimi fəaliyyət göstərib. Prinsipsiz biri kimi Liviya daxilindən keçən maraqlarının və layihələrinin həyata keçirilməsi üçün həmişə Haftar alət olaraq istifadə olunub”.

Onun sözlərinə görə, Haftarı bir fərd olaraq deyil, hərbi-siyasi, tayfa və qəbilələrdən ibarət bir klanın lideri və ya təmsilçisi olaraq qəbul etmək lazımdır:“Liviyaya 2011 ci ildə Qəddafinin öldürülməsindən sonra qayıdan Haftar, öldürülmüş Liviya rəhbərinin keçmiş düşmənlərindən ibarət olan Keçid Milli Şurasında yüksək hərbi rəhbərliyə qatılır. 2014-cü il isə Haftar "Liviya ləyaqəti" adlı əməliyyatla radikal islamçıların məskunlaşdığı Benqaziyə hücum elan etdi. Bu əməliyyatın maliyyə və silah təchizatını ABŞ Mərkəzi Kəşfiyatı həyata keçirdi. Haftar bu əməliyyatdan sonra isə özünü marşal elan etdi”.

“Vagner Muzdluları ilə əməkdaşlığı ilə Marşal Xəlifə Haftarın komandanlıq etdiyi Liviya Milli Ordusu Aralıq dənizi sahilindəki Sirtə körfəziinin dörd əsas neft terminalını - Ras Lanuf limanlarını, Es-Sider, Marsa El Brega və Zirweitin neft terminallarını ələ keçirməsini ABŞ-ın Liviyadan imtinası kimi şərh etmək doğru deyil. Ən azından ona görə ki, bu imtina xoşməramlı imtina deyil. Bunu daha çox ABŞ-ın Şimali Afrika və Yaxın Şərq maraqlarında mövsimi dəyişikliklərin uzun müddətli hesabda öz maraqlarına ziyanı, bu dayanıqsız siyasətin fəsadları kimi dəyərləndirə bilərik”, - politoloq əlavə edib.

Y. Hacıyeva sonda ABŞ-ın regionlar üzrə siyasətinin seçkidən seçkiyə yenilənən xarici siyasət və təhlükəsizlik konsepsiyası ilə dəyişdiyini, bunun da onu gündə bir mövqe dəyişən güvənsiz tərəfdaş kimi göstərdiyini bildirib: “Digər tərəfdən isə başı Liviyanın enerji və tranzit resurslarının ələ keçirilməsinə qatışan ABŞ əməkdaşlığını sadəcə hərbi qruplarla davam etdirərək, siyasi qrupları iqnor etməsi, ölkə daxilində onun maraqlarını yürüdən siyasi qrupların nüfuzdan düşməsi ilə onun öz maraqlarına ziyan vurdu”.

Pərvanə