Növbəti hadisə - məzunlar qəzaya düşdü

31 May 2013 19:05 (UTC+04:00)



Saat 15:00 radələrində şəhərin Şəhidlər xiyabanı küçəsindən "Ləvəngi dairəsi" istiqamətinə hərəkət edən, 31 yaşlı Lənkəran rayon sakini Tural İmanovun idarə etdiyi "VAZ-21015" markalı maşınla, əks istiqamətdə hərəkət edən şəhər sakini, 22 yaşlı Elşən Ələkbərlinin idarə etdiyi "VAZ – 21011" markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki maşın yarasız vəziyyətə düşüb.

"VAZ 21011"in sürücüsü Elşən Ələkbərli və maşındakı sərnişinlər - 18 yaşlı Natiq Rzazadə və 17 yaşlı Elşən Axundzadəmüxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar. Vəziyyəti ağır olan sürücü dərhal əməliyyat olunub. Digər iki yaralıya isə travmatologiya şöbəsində müvafiq yardımlar göstərilib.

Qeyd edək ki, qəza nəticəsində xəsarət alan Natiq Rzazadə və Elşən Axundzadə bu gün "Son zəng" gününü qeyd edən 11-ci sinif şagirdləridirlər. Həmin vaxt maşında 4 məktəbli olsa da, onların ikisi yüngül xəsarət alıblar.

Hadisə yerinə Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. İlkin versiya kimi hadisənin "VAZ-21011"-in "VAZ-21015"-in yoluna çıxması səbəbindən baş verdiyi göstərilir.

Faktla bağlı araşdırma aparılır.//apa//

AzNews.az