Nazirlik koronavirusa yoluxmuş məhbuslarla bağlı məlumat yaydı

10 İyul 2020 21:23 (UTC+04:00)

Ədliyyə Nazirliyi tərəfindən bütün struktur qurumlarda, o cümlədən penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə zəruri tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlər görülür.

AzNews.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Məlumata görə, nazirliyin ayrı-ayrı əməkdaşlarında və penitensiar müəssisələrdə saxlanılan məhkumlarda COVİD-19 infeksiyasına yoluxma halları ilə bağlı dərhal zəruri tədbirlər görülür, onların kontaktda olduğu şəxslər müəyyən olunaraq müayinədən keçirilirlər.

Məlumat verildiyi kimi, virusa yoluxan məhkumlar dərhal təcrid olunaraq ixtisaslaşdırılmış müalicə müəssisəsində xüsusi yaradılmış şöbəyə yerləşdirilir və intensiv müalicə tədbirləri aparılaraq tam sağaldıqdan sonra karantindən çıxarılırlar.

Bu günədək ədliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan 13 minədək test nümunələri götürülüb. Aparılmış kütləvi test müayinələri nəticəsində cəmi 18 nəfərdə, o cümlədən 4, 12 və 14 saylı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlarda virusun göstəriciləri pozitiv çıxıb.

Həmin şəxslər də dərhal izolyasiya olunub və xüsusi müalicə müəssisinə yerləşdirilib.

Bu tibb ocağı zəruri avadanlıq və dərman vasitələri, habelə xüsusi havalalandırma sistemi ilə təchiz olunub. Hazırda virusa yoluxmuş məhkumların sağlamlıq durumu kafidir, ağır vəziyyətdə olan yoxdur. Onların müalicəsi üçün müvafiq tədbirlər görülür və səhhətləri daim həkim nəzarətində saxlanılır.

Virusa yoluxmuş məhkumlardan vaxtı çatmış 2 nəfər şərti azad olunaraq izolyasiya və müalicə üçün TƏBİB-ə təhvil verilib.