Millət vəkilindən Tibb Universitetinə ŞOK İTTİHAMLAR

11 İyul 2020 02:04 (UTC+04:00)

“Tibb Universitetinin idarəçiliyi azı 10 il müddətinə Türkiyə mütəxəssislərinin ixtiyarına verilməlidir”.

AzNews.az xəbər verir ki, bu sözləri millət vəkili Etibar Əliyev ölkədə tibb təhsilinin hazırkı səviyyəsindən danışarkən qeyd edib.

Millət vəkilinin sözlərinə görə, ölkədə tibb təhsili acınacaqlı vəziyyətdədir və bu vəziyyətdən tezliklə çıxış yolu tapmaq lazımdır: "Çıxış yollarından biri Tibb Universitetinin idarəçiliyini azı 10 il müddətinə Türkiyə mütəxəssislərinin ixtiyarına verilməsidir. Onsuz da tibb ixtisasını seçənlərin böyük əksəriyyətinin Türkiyədə təhsil almaq meyli çox güclüdür. Bu ilk növbədə onların işini yüngülləşdirər. Kafedralar təkmilləşər, durğunluqdan xilas olarlar. Təcrübə mübadiləsində tibbi praktika əhəmiyyətli dərəcədə güclənə bilər”.

Etibar Əliyev vurğulayıb ki, Türkiyə hazırda bütün elm sahələri üzrə kitab tərcüməsi və yerli müəlliflərin əsərlərinin çapına görə dünyada aparıcı yerlərdən birini tutur.

“Tələbələrə ən müasir ədəbiyyatlardan dərslər keçirilər. Bizdə bütün sahələrdə olduğu kimi Tibb sahəsində də ədəbiyyat qıtlığı təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Ən azından təhsil mühiti sağlamlaşa bilər. Natamam tibb təhsili ola bilməz”, - deyə əlavə edib.

Millət vəkili kafedralardakı durğunluq məsələsinə də münasibət bildirib: “Bu universitetdə Epidemiologiya kafedrasına 1992-ci ildən indiyə kimi tibb elmləri doktoru, professor İ.Ə.Ağayev, Onkologiya kafedrasına isə1993-cü ildən akademik Əhliman Əmiraslanov rəhbərlik edir. İndiki rektor Gəray Gəraybəyli ənənəni davam etdirərək 2007-ci ildən bu günədək "Psixiatriya" kafedrasının müdiri vəzifəsini saxlayır. I Daxili xəstəliklər kafedrasının müdiri V. Ə. Əzizov 1999-cu ildən bu vəzifəni tutur. Sudeyif İmamverdiyev isə 1990 -cı ildən indiyə kimi Urologiya kafedrasına müdirlik edir. Kafedraların əksəriyyəti bu vəziyyətdədir. Postpandemiya dövrünün əsas vəzifələrindən biri tibb təhsilini "reanimasiyadan çıxarmaq"dır. Ən nəhayət saxta alimlik dərəcələrinin alınmasına son qoyula bilər.

Qazaxıstanda Nazarbayev Universitetinin idarəçiliyi Oksford və Kembric Universitetinin mütəxəssislərinə verilib. Rektor isə yapondur”.

Səidə Vahid

AzNews.az