"Yazmamaq olmur" silsiləsindən

12 İyul 2020 13:57 (UTC+04:00)

Vaxtilə pravoslav məbədi olmuş, fəthdən sonra məscidə çevrilmiş, 1934-cü ildə muzey elan olunmuş Aya-Sofyanın 86 il sonra yenidən məscid statsuna qaytarılmasıyla bağlı müxtəlif rəyləri, fikirləri, yanaşmaları oxuyanda bir əsas şeyə təəccüblənirəm: doğrudanmı bizdə universal düşüncə tərzi, fakta, hadisəyə obyektiv yanaşma cəhdi birdəfəlik qeyb olub?

Özü də söhbət hər şey haqda hər cür yazmaqda özünü sorumlu sayan diletantlardan getmir.

Rəylər, fikirlər o dərəcədə fərqlənir ki, bir şeyə qəti əmin olursan: hər kəs Ayın yalnız bir üzünə baxır, halbuki məlum göy cismiylə müqayisədə bu Ayı "bütöv görmək" elə də çətin deyil, bir az başını əyib "ora-buranı" gözdən keçirmək yetər.

Aydın məsələdi, bu qərar bu və ya digər dərəcədə xarici basqılara səbəb olacaq, artıq gözlənilən ünvanlardan etirazlar gəlir. Xüsusən pravoslav dünyasından, slavyan pravoslavlardan, son illər münasibətlərin istiləşdiyi Rusiyadan mənfi yüklü reaksiyaların yürüşü qaçılmazdı, bundan başqa, Türkiyə iqtidarı və indiki halda mövcud komandanın uzunmüddətli hakimiyətiylə eyniləşdirilən Türkiyə dövləti barədə "islamçı" yarğısı daha bərkdən səslənidriləcək, Türkiyənin fərqli inanclara, dinlərə dözümlü yanaşdığını göstərən faktlar zənciri indiki halda müəyyən qədər qırılmış sayılacaq.

Yeri gəlmişkən, artıq bu istiqamətdə Türkiyənin daxilindən nüfuzlu qərbpərəstlər açıqlamalarla çıxış ediblər: mənim sevimli yazıçım Nobel mükafatçısı Orxan Pamuk ("Aya-Sofyanı yenidən məscidə çevirmək dünyanın başqa insanlarına "artıq sekulyar deyilik" deməkdir"), dünyada əsərləri bestsellər olan yazıçı Əlif Şəfəq ("Aya-Sofyanın məscidə çevrilməsi çox yanlış və tamamilə siyasi mənfəət üçün verilmiş bir qərardır. Bu torpaqların tarixinə sayğısızlıq, insanlıq irsinə və fərqli kültürlərə hörmətsizlikdir. Bu dəyərli məkan hər kəsə bərabər şəkildə açıq muzey olmalıydı") ön sıradıdı.

Bəs Aya-Sofyanın məscidə çevrilməsi zərurətini niyə gözdən qırağa ataq? Birincisi, bu, Ərdoğan hakimiyyətinin aktuallaşdırdığı məsələ deyil, zaman-zaman türk cəmiyyətinin və siyasi çevrələrinin gündəmidə olub, 1991-ci ildə mərhum Turqut Özalın dövründə irəliyə yarım addım atılıb, muzey qismən ibadət üçün açıq elan olunub.

İkincisi, Aya-Sofyanın muzey kimi fəaliyyətini kiçik bir tarixi fasilə kimi də qəbul etmək mümkündü. Bu barədə qərar 1934-cü ildə verilib, ondan əvvəlsə, yəni fəthdən sonra bu məbəd məscid olub.

Yeri gəlmişkən, Aya-Sofyanın tarixində status və inanc yönümü baxımdan dəyişimlər ilk deyil.

537-1054 - Kafedral
1054-1204 - Yunan ortodoks kafedralı
1204-1261 - Katolik kilsəsi
1261-1453 - Yunan pravoslav kilsəsi
1453-1931 - Osmanlı Türkiyəsində və Türkiyə Cümhuriyyətində məscid
1935-2020 - Muzey

Üçüncüsü, Ərdoğan hakimiyyəti hazırkı Türkiyənin siyasi-mədəni irsini vahid tarixi həlqələrlə bərpa eləmək xətti götürüb və dövləti yalnız Cümhuriyyət dönəmilə məhdudlaşdırmağa son verməkdə qərarlıdı.

Bu məqamda bir kateqoriya insanları qıcıqlandıran Atütürk liderliyi məsələsi önə çıxır. "Ölkəni xilas eləmiş, onu yenidən qurmuş, modern cümhuriyyətə çevirmiş Atatürk belə məsləhət bilibsə, bu qərarı dəyişmək..." Üç nöqtə, qalanını bilirsiz. Bu düşüncədən də qurtulmağın vaxtıdı. Böyük bir imperiya olmuş dövləti tarixin bir dönəminin böyük simasıyla çərçivələmək əbəsdi, əvvəl-axır bu qılafdan çıxmaq lazım gələcək.

Bu ərəfədə Erkin Qədirlinin maraqlı və fərqli yanaşmanı mündəricə edən bir statusunu oxudum, bunu da yad edək.

Bir P.S. də yazım, bununla bitsin.

Türkiyənin edam olunmuş baş naziri, özünün dramatik siyasi və şəxsi taleyiylə həm də Türkiyənin dramatik dövrünün qəhrəmanına çevrilmiş baş nazir Adnan Mendereslə bağlı bir tədqiqatçıyla polemikaya girdik. Etiraf edirəm, mən tarixçi deyiləm, amma etiraz edirəm: faktların bir hissəsini kənara qoymaqla fikir formalaşdırmaq düz deyil həm də ona görə ki, internet zamanında faktlara bu sayaq münasibət bihudədi.

Qurban Yaquboğlu