"Əks halda Cənubi Qafqazda böyük müharibənin şahidi olacağıq" - Politoloq rəyi

13 İyul 2020 12:00 (UTC+04:00)

"Yaxşı olardı ki, bu təxribatlarla bağlı təkcə Azərbaycan dilində yox, xarici dillərdə də istər saytlar, istərsə də sosial şəbəkələr vasitəsilə məlumatlar yayılsın.

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O, bildirib ki, atəşkəsin məhz Tovuz istiqamətində pozulması onu göstərir ki, məsələlərə məntiqi yanaşsaq Azərbaycan tərəfi Ermənistana hücum edə bilməzdi: "Tovuz istiqamətindən hücum etmək ordumuza heç nə vermir. Amma əks istiqamətdə Ermənistanın hücum etməsi erməni ordusunun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını və Azərbaycan Ordusunu təxribata çəkməsidir".

Politoloqun sözlərinə görə, bu onu göstərir ki, əgər Azərbaycan tərəfi istəsəydi Qarabağ və işğal altında olan digər istiqamətlərdə hücuma keçə bilərdi: "Hər halda erməni tərəfinin təxribatının qarşısı bu dəqiqələrdə də alınmaqdadır. Biz, Ermənistanda və ayrı-ayrı xarici qüvvələrin Azərbaycana qarşı artan təzyiqinin şahidiyik. Bütün bunların Azərbaycanda baş verən son dəyişikliklərlə bağlı olmasını istisna etmirəm. Ciddi şəkildə Bakıya qarşı təzyiqlər var. Bütün bu olanlar Azərbaycan xalqını Prezident ətrafında daha da sıx birləşməyə və həmrəy olmağa sövq edir. Qeyd edim ki, cəbhədə olan atəş səsləri onu göstərir ki, erməni ordusu əvvəlcədən hərbi təlimlər keçirib.

Rusiyanin Ermənistandakı səfirinin hərbi ataşşesi, eyni zamanda Rusiya hərbi hava qüvvələrinin bir qrup pilotu ilə ermənilər arasında görüş keçirilib. Burada biz məsələlərə bir neçə istiqamətdə baxış bucağını yarada bilərik. Birincisi, Soros fondu Cənubi Qafqazda Rusiyaya təzyiq etmək üçün ermənilərdən istifadə edir və əsas hədəf Cənubi Qafqazda Qərb ordusunu yerləşdirərək, buranı Rusiyaya qarşı əraziyə çevirməkdir.

İkincisi, Rusiyada olan bəzi ermənipərəst dairələrin cəmiyyətdə ixtişaş yaratmaqla bölgəyə rus ordusunu, daha doğrusu Ermənistanın digər hissələrində yerləşdirməsi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Cənubi Qafqaza daxil olmasını təmin etməkdir.

Üçüncüsü, Rusiyadakı bəzi qüvvələrin Azərbaycana təzyiq etməsidir.

Dördüncüsü, Nikol Paşinyan daxildəki gərgin vəziyyətdən istifadə edərək düşmən obrazı yaradaraq Azərbaycana qarşı təxribata gedir. Bütün bu provakasiyaların və atəşkəsin pozulmasının başında David Tanayan dayanır".

Zaur Məmmədov vurğulayıb ki, Azərbaycan Ordusu çox ustalıqla düşmən ordusunu dəf edib.

"Ordumuz ağıl və soyuqqanlılıqla, taktikalarla düşməni yerində otuzdurdu. Nəticədə düşmənin xeyli itkisi var. Bununla bağlı sosial şəbəkələrdə xəbərlər yayılmaqdadır. Ermənilərdən fərqli olaraq Azərbaycan əhalisi dünən gecədən döyüşə hazır olduğunu bildirir. Xalqımızda döyüş ruhu ən yüksək nöqtədədir".

Dünən Hikmət Hacıyevin də qeyd etdiyi kimi çox təssüflər olsun ki, Covid-19 virusu olduğu zaman Ermənistan belə təxribata əl atır. Yeri gəlmişkən, ATƏT-in Minsk qrupu artıq tutarlı bəyanat verməlidir. Prezident İlham Əliyev tərəfindən keçən həftə Minsk qrupu ciddi şəkildə tənqid olunub. Görək bu gün Minsk qrupu hansı çıxışı edəcək. Hələlik David Tanayan öz feysbuk səhifəsində yazıb ki, o Kaspeşiklə mütəmadi olaraq əlaqədədir və lazım olarsa erməni tərəfi yeni dostlar ələ keçirə bilər. Kaspeşikin Ermənistana və Tanayana yaxınlığı artıq yenidən bu məsələni aktiv edir ki, o, on illərdir ATƏT-in şəxsi nümayəndəsi olmaqda davam edəcəkmi və ya etməlidirmi? Bu məsələyə mən düşünürəm ki, baxmaq lazımdır. Azərbaycan tərəfi, beynəlxalq hüquq normaları tələb edir ki, ərazi bütövlüyümüzü pozan ermənilərə qarşı Minsk qrupu, ümumiyyətlə beynəlxalq ictimaiyyət tutarlı cavab versin. Əks halda bu provakasiyalar daha da genişlənəcək və Cənubi Qafqazda artıq biz böyük müharibənin şahidi olacağıq".

Səidə Vahid

AzNews.az