TQDK təhsil şöbələrinə müraciət etdi

1 İyun 2013 08:45 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış imtahanları ilə bağlı rayon təhsil şöbələrinə müraciət edib.

Müraciətdə bildirilir ki, 2012-ci il 10 may tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları"nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 30 may 2013-cü il tarixli Qərarı ilə, psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə buraxılış imtahanından azad edilmiş sağlamlıq imkanları məhdud təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin qaydası müəyyən edilib.

Bununla bağlı olaraq, rayon (şəhər) təhsil şöbələri nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyalarında (PTPK) sağlamlıq imkanları məhdud olan şagirdlərin buraxılış imtahanlarından azad edilməsi məsələsinə baxılaraq qərar (azad olunanların siyahıları) qısa müddət ərzində TQDK-ya təqdim olunmalıdır.

Eyni zamanda, TQDK vaxt məhdudluğunu nəzərə alaraq bildirir ki, buraxılış imtahanları cari ilin 02 iyun tarixində keçirilən, imtahandan azad olunma barədə müvafiq PTPK-lara müraciət etmiş, 02 iyun tarixdə imtahanda iştirak etməmiş, həmin tarixdən sonra PTPK tərəfindən barələrində azad olunmaq haqqında qərar qəbul edilməmiş şagirdlər cari il 25 iyun tarixdə keçiriləcək buraxılış imtahanında iştirak etməlidirlər.

Əqli qüsuru olduğuna görə (debillik diaqnozu) buraxılış imtahanından azad olunan şagirdlərin adlarının ayrı siyahı ilə təqdim olunmalıdır.

Elnarə
AzNews.az