Dubaya birbaşa uçuşlar başladı

14 İyul 2020 19:07 (UTC+04:00)

Bu gündən etibarən “FlyDubai” aviaşirkəti Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə başlayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan AzNews.az-a daxil olan məlumata görə, reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi saytından əldə etmək olar. Bu zaman reyslər xüsusi şərtlərə əsasən həyata keçiriləcək.

Belə ki, BƏƏ-yə giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar, Bakıdan Dubaya reysə yalnız aşağıdakı sərnişinlərə icazə verilir:

- ölkəyə giriş üçün əvvəlcədən vizanın alınmasına ehtiyacı olmayan sərnişinlər;

- turizm vizası olan sərnişinlər;

- BƏƏ-də daimi yaşayış icazəsi olan sərnişinlər.

Dubaydan Bakıya reyslərə aviabiletlər yalnız Azərbaycan vətəndaşları tərəfindən əldə edilə bilər. Yeni qaydalara uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş sərnişinlər uçuşlara buraxılır.