CXP sərhəddə baş verənlərlə bağlı bəyanat yayıb

15 İyul 2020 00:11 (UTC+04:00)

Cümhuriyyət Xalq Partiyası Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar bəyanat yayıb.

AzNews.az-ın məlumatına görə, bəyanatda deyilir:

"İyul ayının 12-də Ermənistan hərbi qüvvələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərinə qəfildən və xaincəsinə hücum edərək növbəti hərbi təxribat törətmişdir. Azərbaycan Ordusunun təxirəsalınmaz və adekvat tədbirləri nəticəsində erməni tərəfinin hücumunun qarşısı qətiyyətlə alınmış, düşmənə layiqli cavab verilmişdir. Erməni tərəfi ciddi itkilər verərək geri oturmağa məcbur edilmişdir. Erməni hərbiçiləri iyul ayının 13 və 14-də də döyüşləri davam etdirmiş, habelə Ermənistan – Azərbaycan sərhədlərinin digər istiqamətlərində təxribatlar törətməyə cəhdlər göstərmişdir. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli zərbələri nəticəsində düşmənin döyüş imkanları sarsıdılmış, böyük sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilmişdir. Təəssüf ki, düşmənə layiqli cavab verən Silahlı Qüvvələrimiz də itkilərə məruz qalmışdır. Lakin onların qısası yerdə qalmayıb. Şanlı hərbçilərimizin ölümünə bais olanlar, həmişə olduğu kimi, ən ağır şəkildə cəzalarını alıblar. Allah şəhidlərimizə rəhmət etsin!

Ali Baş Komandan Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzadılan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik".