"Düşmənin bizə qarşı təxribat törətdiyi vaxtda vəzifə başında olmamaq qəbul olunmazdır"

16 İyul 2020 14:55 (UTC+04:00)

Cənab prezidentin verdiyi tapşırıqlar hər bir dövlət adamının fəaliyyətinin yol xəritəsi olmalıdır.

Bu sözləri AzNews.az-a açıqlamasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı Xarici İşlər nazirinin ünvanına dediyi tənqidi fikirləri şərh edərkən Millət vəkili Azər Badamov deyib.

“Dövlət başçısı vəzifəyə təyin edir, tapşırıqlarını verir və hardasa layiqincə dövlətə xidmət qura bilmirsə, tənqid edilir və cəzalandırılır. Xüsusilə bu gün düşmənin bizə qarşı təxribat törətdiyi bir vaxtda vəzifə başında olmamaq və işə loyal münasibət göstərmək qəbul olunmazdır. Ölkə başçısı və digər qurumların rəhbərləri 24 saat ölkənin taleyini düşündürən məsələlərlə məşğul olduğu bir zamanda, xüsisilə, Xarici İşlər Nazirinin öz qurumları vasitəsilə dünyaya düzgün məlumatların çatdırılmalı, hücum diplomatiyasını işə salınmalı vaxtında arxayın evdə oturmağı və ictimai qınaq doğuracaq müsahibələrin verilməsi qəbul edilməzdir”.

Son illər bir çox dövlət orqanlarında islahatlar aparılıb və məhz bu islahatların tərkib hissəsi olan mərkəzi icra hakimiyyəti orqanlarda kadr dəyişikliyi sayəsində iqtisadiyyat şəffaflaşır, iş üslubu yenidən qurularaq büdcəyə proqnozdan əlavə vəsaitlər gəlir.

Deputat bildirib ki, bu gün ölkəmizin xarici diplomatiyasında da islahatlara ehtiyac var: “Cənab prezident xarici diplomatiyamızı necə qurmaq lazımdırsa çox aydın şəkildə ifadə edir. Amma kimsə öz fəaliyyətini lazımı qaydada qura bilmirsə ya özü vəzifəsindən uzaqlaşmalıdır, ya da cəzalanaraq uzaqlaşdırılacaqdır. Ölkəmizdə hər bir dövlət məmurun vəzifəsi xalqa, dövlətə, ölkənin müstəqilliyinin möhkəmlənməsinə və cənab prezidentin siyasi kursuna xidmət etmək olmalıdır. Əgər kimsə ayrı məqsədə xidmət istəyirsə yollarımız ayrılmalıdır”.

Səidə Vahid

AzNews.az