930 nəfər məsuliyyətə cəlb edildi

24 İyul 2020 10:45 (UTC+04:00)

930 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə AzNews.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 23.07.2020-ci il saat 00:00-dan 24.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 857 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 73 nəfər olmaqla ümumilikdə 930 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 20-i rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 60, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 25-i rayon, 70-i paytaxt istiqamətinə olmaqla 95, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 125-i rayon, 105-i paytaxt istiqamətinə olmaqla 230 avtomobil geri qaytarılıb, ümumilikdə 385 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.