Onunla təhsil sistemində böyük dönüş yaranacaq -Tanınmışlar yeni təhsil naziri haqda

27 İyul 2020 19:32 (UTC+04:00)

Bu gün Prezident İlham Əliyev Emin Əmrullayevin Təhsil naziri təyin olunması ilə bağlı Sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, Emin Əmrullayevin Təhsil naziri seçilməsi tanınmış şəxslər tərəfindən çox yaxşı qarşılanıb, onun bu vəzifəyə seçilməsinin Azərbaycan təhsilinin gələcəyi üçün müsbət olacağı vurğulanıb:

Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz :

Təhsil naziri Emin Əmrullayevin indiyədək olan fəaliyyətində yadımda qalan əsas məqamlar hansılardır :

- Uzun müzkirələrdən sonra qəbul edilən, DİM-in buraxılış və qəbul imtahanlarının Yeni Modellərinin ( 2017-2018-ci il) hazırlanmasında TN tərəfindən əsas iştirakçı olub;

Xatırlayıram ki, o zaman TN ilə DİM arasında bu istiqamətdə ciddi fikir ayrılıqları vardı. TN bu modelə bir sıra yeniliklər əlavə edib;

Bildiyim qədər yeni nazir məktəbin buraxılış imtahanının nəticələrinin ali təhsil müəssisələrinə qəbulda nəzərə alınmsının əsas təşəbbüsçülərindən olub;

- O, TN-də birbaşa təhsilin keyfiyyətinə və təhsil sahəsinin inkişafına cavabdeh olan qurumda çalışıb. Təhsil sahəsi ilə əlaqəli müxtəlif layihələri də adətən o kurasiya edib;

- Azərbaycan təhsilinin keyfiyyətinin beynəlxalq qiymətləndrimə proqramlarında (PIRLS və TİMSS) iştirakında TN tərəfindən əsas məsul şəxs olub.

Fizika-riyaziyyat təmayüllü liseyi bitirən, ABŞ və Macarıstanda təhsil alan Emin Əmrullayevin nazir təyinatını uğurlu hesab edirəm.

Təhsilin keyfiyyətinin daha da yaxşılasması, müasir çağırışlara adekvat olaraq yeni tədris modellərinin hazırlanması, distant təhsil formasının nəhayət ki ölkəmizdə tətbiq edilməsi istiqamətində uğurlar arzulayıram".

Təhsil eksperti Kamran Əsədov da Emin Əmurullayevin Təhsil naziri təyin edilməsinin müsbət hal olduğunu bildirib:

"Emin Əmurullayev 6 ildən çoxdur ki, Təhsil Nazirliyi sistemində çalışır və nazirlikdə bir çox ciddi layihələrin həyata keçirilməsi birbaşa onun adı ilə bağlıdır. Azərbaycan şagirdlərinin beynəlxalq olimpiyadalarda qalib gəlməsi, qrant layihələrin keçirilməsi kimi ciddi layihələr onun həyata keçirdiyi uğurlu addımların nəticəsidir. Hesab edirəm ki, bu islahatlar proqramı uğurla davam edəcək.

Bir məqamı da qeyd edim ki, Emin Əmrullayev səlist xarici dil biliyinə sahibdir. Eyni zamanda Azərbaycanın bir sıra universitetlərinin dünya universitetləri ilə qarşılıqlı əlaqə qurmasında yaxından iştirak edən bir mütəxəssisdir. Azərbaycanda təhsilin idarə edilməsi üzrə yeganə şəxslərdəndir ki, magistr təhsili də bu sahə üzrədir. Emin Əmrullayev Azərbaycanda yeni təhsil modelinin təşkilində yaxından iştirak edib.

O, çox intellektual, Azərbaycan təhsilini bilən bir şəxsdir. Bu təyinat təhsil ictimaiyyətini olduqca sevindirib. Düşünürəm ki, təhsilin işindən çıxmış bir şəxs olaraq təhsildəki problemləri də bilir və bu problemlərin həlli üçün də yetərincə bilik və bacarığa sahibdir".

AzNews.az xəbər portalının Baş redaktoru Taleh Şahsuvarlı:

"Prezidentin Emin Əmrullayevi Təhsil naziri təyin etməsi çox sevindirici oldu. Emini çoxdan tanıyıram, işgüzar, bacarıqlı, ağıllı və savadlı kadrdır. Bu məqama maliyyə gücünə və patriarxal dəstəklə yox, sırf peşəkar olması hesabına yetişib. Tipik meritokratdır. Onunla Azərbaycan təhsil sistemində çox böyük bir dönüş yaranacaq. Bircə şərtlə: Təhsil sisteminin içində kök salmış qurdlar imkan versə..."

Millət vəkili Erkin Qədirli:

"Bu gün Təhsil Nazirliyinə (nazirin olmadığına görə, birinci müavinin adına) deputat sorğusunu göndərməyə hazırlaşırdım. Sorğu hazırlanana qədər yeni nazirin təyinatı haqqında xəbəri gördüm. Sorğunun ünvanını dəyişdirib göndərməli oldum.

Emin Əmrullayevin Təhsil Naziri təyin olunması yaxşı oldu. Ona mane olmasalar, yaxşı işlər görəcəyinə inanıram"

İctimai Televiziya və Radio Yayımları şirkətinin əməkdaşı İlahə Şıxlinskaya:

"Emin Əmrullayev - Dünyanın ən təmiz adamlarından biri.

Ağıllı, bilikli, savadlı, mədəni, sadə, təvazökar , heç vaxt şəxsi eqosunu komanda və ölkə prioritetlərindən üstün tutmayan bir insandır.

Çox sevindim, möhtəşəm qərardır!"

Səidə Vahid

AzNews.az