Ölkədə 17 778 domen var

2 İyun 2013 10:05 (UTC+04:00)
Azərbaycanda bu günə kimi 17 778 domen adı qeydə alınıb və onların sayının bu il ərzində artımı gözlənilir. Bu barədə milli domenlərin tənzimləyicisinin rəsmi saytında məlumat verilib.

Belə ki, bu il ölkədə cəmi 2677 domen qeydə alınıb, 1225-i qeydiyyatdan çıxarılıb və beləliklə, ilin əvvəlindən domen adlarının xalis artımı 1452 olub.

Hazırda Azərbaycanda 16581 -*.az, 705 -*.com.az, 175 -*.edu.az, 96 -*.org.az, 57 -*.net.az, 42 -*.int.az, 39 - *.co.az, 39 -*.pp.az, 23 -*.info.az, 11 - *.biz.az, 3 -*.name.az, 1 -*.mil.az, 1 - *.pro.az və 8 coğrafi adlardan ibarət domen adları istifadə olunur. Son üç ildə *.az domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici – 3 min, 2011-ci ildə isə 4387, 2012-ci ildə – 5478 olub.

Lakin hər il yeni domenlərin yaradılması ilə yanaşı, istifadə olunmayan və ya xidmət haqqı ödənilməyən domenlərin qeydiyyatdan çıxarılması da müşahidə olunur və bunun nəticəsində 2012-ci ildə *.az domeninin xalis artımı 3039 təşkil edib, bu da 2011-ci illə müqayisədə 40% çoxdur. Bu ilin birinci kvartalında müşahidə olunan artım tempi davam etdiyi halda, ilin sonuna kimi milli domenlərin xalis artımının 4500-dək təşkil edəcəyini gözləmək olar.//ictnews//

AzNews.az