“Əliyev Paşinyana meydan oxudu...” - Politoloq

1 Avqust 2020 20:57 (UTC+04:00)

Prezident İlham Əliyev iyulun 29-da Qobustan, İsmayıllı, Qəbələ, Şəki və Balakənə səfərləri zamanı vətəndaşlarla görüşüb və mühüm açıqlamalar, bəyanatlar, mesajlar verib. Dövlət başçısı bir sıra digər vacib məsələlərlə yanaşı, Ermənistanın işğalçılıq siyasəti və Tovuz rayonu istiqamətində təxribatlarının nəticələri, Ermənistanın bütün regional layihələrdən təcrid edilməsi və acınacaqlı duruma düşməsi, Paşinyan hakimiyyətinin ciddi səhvlərə yol verməsi, habelə Ermənistan hakimiyyətinin Soros Fondunun nəzarətində olması, İrəvanın irəli sürdüyü şərtlərin qəbuledilməzliyi və buna qarşı Azərbaycanın bir şərt irəli sürməsinə dair konkret rəqəmlər, faktlar, arqumentlər, dəlil-sübutlar göstərib.

Ölkə başçısı deyib ki, bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində erməni silahlı təxribatının qarşısını alarkən Azərbaycan əsgərləri, zabitləri, - onların mütləq əksəriyyəti gənclərdir, - öz peşəkarlığını, cəsarətini göstərib, düşməni yerinə oturdublar. Qeyd edib ki, bir həftə ərzində 50 mindən çox Azərbaycan gəncinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutması Azərbaycan gəncliyinin vətənpərvərliyinin əyani nümunəsidir...

Dövlətimizin başçısı vurğulayıb ki, 12 iyuldan etibarən baş verən hadisələr Ermənistanın faşist mahiyyətini və qorxaq xislətini bir daha göstərib. O, xüsusi olaraq vurğulayıb ki, birinci dəfə deyil təcavüzkar döyüş meydanında məğlubiyyətə uğrayandan sonra dinc əhaliyə qarşı hərəkətə keçir. Prezident deyib ki, bizim mənfur qonşumuz müharibəni dinc əhaliyə qarşı aparır.

“Ermənilər döyüş meydanında acizliyini görərək ən çirkin əməllərə əl atırlar. 2016-cı ilin Aprel döyüşləri də məhz bu ssenari əsasında təşkil edilmişdi” - ölkə başçısı qeyd edib.

Prezident bildirib ki, Ermənistanın əsas məqsədi dövlət sərhədində münaqişə yaratmaq, sonra bu münaqişədə Azərbaycanı günahlandırmaq, daha sonra KTMT-yə müraciət edib hərbi yardım istəmək olub. Əlavə edib ki, işğalçının istəyinə baxmayaraq, KTMT heç bir bəyanat vermədi, məsələ ilə bağlı ümumi sözlərdən ibarət şərh verdi.

İlham Əliyev xatırladıb ki, Azərbaycanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (5 ölkə), İslam Əməkdaşlıq Təşkilatı (57 ölkə), Qoşulmama Hərəkatı (120 ölkə) ayrı-ayrı ölkələr müdafiə edib: “Hətta KTMT-nin altı üzvündən dördü beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı qəbul edilmiş bəyanatlar vasitəsilə Azərbaycanı dəstəklədi...”

Dövlət başçısı Ermənistanın təxribatlarına tutarlı cavablar verib və konkret mövqe sərgiləyib: “Mənə bu yaxınlarda məlumat verildi ki, Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Hesab edirəm, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil. Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın. Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli, qorxursunuz. Gedin, ağlınızı başınıza yığın!.. Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. Ona görə bəri başdan onlar bilməlidirlər ki, bu, tamamilə qəbuledilməzdir. Digər şərtlər də buna bənzər şərtlərdir. Qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişdirmək istəyir. Çünki danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır. Bu, Minsk Qrupunun və onun həmsədrlərinin açıq mövqeyidir. Dəfələrlə bu mövqe onlara çatdırılıb, həm rəsmi qaydada, həm də bağlı qapılar arxasında. Amma bunların hikkəsinə baxın, yenə də bu şərti irəli sürürlər ki, Azərbaycan dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. “Dağlıq Qarabağ respublikası” yoxdur. Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar”.

Prezident İlham Əliyev Azərbaycan dövlətinin mövqeyini tamamilə aydın şəkildə bəyan edib. Sitat: “Ermənistanın baş naziri deyir ki, “Dağlıq Qarabağ Ermənistandır” və ondan sonra hansı danışıqlardan söhbət gedə bilər. Çünki danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar azad olunsun. Biz bunun ətrafında danışıqlar aparmalıyıq. Yoxsa, nəyin ətrafında? Biz dırnaqarası “Dağlıq Qarabağ respublikası”na müstəqilliyin verilməsi haqqında heç vaxt danışıqlar aparmamışıq, heç vaxt! Bu, heç vaxt danışıqlar predmeti olmayıb. Mən bu haqda ümumiyyətlə, heç vaxt danışmamışam və danışmaq fikrim də yoxdur. Biz onun ətrafında danışıqlar aparırıq ki, işğal edilmiş torpaqlar nə vaxt, hansı ardıcıllıqla azad edilsin. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Dağlıq Qarabağ Ermənistandır”, əgər deyirsə ki, “biz qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmaq istəyirik”, deməli, o, danışıqları məhv edir. Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər”.

Dövlət başçısı vurğulayıb ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq və bu gün işğal altında olan şəhərlərimizdə “ASAN xidmət” mərkəzləri yaradacağıq: “Bu mərkəzlərdə bizim gənclərimiz çalışacaqlar. Erməni vandalları tərəfindən dağıdılmış şəhərlərimizi, tarixi, dini abidələrimizi bərpa edəcəyik və öz torpağımızda yaşayacağıq”.

Azərbaycan Prezidentinin bu mesajlarından, açıq çağırış və mövqeyindən sonra işğalçı Ermənistan, onun havadarları və həmsədrlər də yaxşı-yaxşı düşünməlidir...

“Atlas” Araşdırmlar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirdi ki, sərhəd döyüşlərindən sonra işğalçı ölkənin baş naziri Nikol Paşinyan öz düşüncəsinə görə, Azərbaycan prezidentinə iki mesaj göndərdi: “O, birinci “mesajını” hökumətin iclasında eyni tezisləri təkrarlamaqla səsləndirdi: “Birincisi, Azərbaycan Dağlıq Qarabağla birbaşa danışıqlar aparmalıdır. İkincisi, Dağlıq Qarabağın təhlükəsizliyi məhdudulaşdırıla bilməz. Üçüncüsü, Dağlıq Qarabağın özmüqəddəratını təyin etmə hüququ olmalıdır. Dördüncüsü, Azərbaycan Ermənistana və Dağlıq Qarabağa güc tətbiqi fikrindən rəsmən imtina etməlidir”. Paşinyanın ümumilikdə məntiqsiz şərtlərinin sayı 7 idi. Paşinyan ikinci “mesajını” Rusiyanın “RBC” televiziya kanalında müsahibəsində səsləndirdi. O iddia etdi ki, guya Azərbaycan prezidenti onunla danışıqlar aparırsa, bunun özü o deməkdir ki, “rəsmi Bakı Dağlıq Qarabağı Ermənistan ərazisi kimi qəbul edir”. Prezident İlham Əliyev Paşinyanın sərsəmləməsinə rayonlara son səfəri zamanı toplam şəkildə cavab verdi. Birincisi, prezident qətiyyətlə vurğuladı ki, Paşinyanın “7 şərtini” lazımsız kağız parçası kimi zibil yeşiyinə atmaq lazımdır. Azərbaycanın bir şərti olduğunu xatırladan İlham Əliyev Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaldılması vacibliyini bildirdi. Yəni bunsuz münaqişə həll olunmayacaq. Prezident Paşinyanın “münaqişənin həlli məqsədilə Yerevanla danışıqlar aparılırsa, demək Bakı Dağlıq Qarabağı Ermənistan ərazisi sayır” sərsəmləsməsinə də tutarlı cavab verərək dedi ki, biz məhz ona görə illərdir İrəvanla danışıqlar aparırıq ki, işğalçı Ermənistandır, “Dağlıq Qarabağ respublikası” qondarma qurumdur”. Politoloqun sözlərinə görə, prezident İlham Əliyev bir daha Paşinyana xatırlatdı ki, Azərbaycan heç bir halda separatçılarla danışıqlar aparmayacaq: “İlham Əliyev bu fikri hər dəfə səsləndirsə də, Paşinyan sərsəmləməkdə davam edir. Beləliklə, Paşinyan yeni “açıqlamalarla” informasiya savaşında üstünlük qazanmaq istəyərkən heç nəyə nail olmadı. Birincisi, ondan başqa dünyanın heç bir dövləti və beynəlxalq təşkilatı bizdən separatçılarla birbaşa danışıq tələb etmir. Çünki hamı bilir ki, Dağlıq Qarabağda Ermənistanın işğalçı ordusu yerləşir və təbii olaraq danışıqlar İrəvanla aparılmalıdır. İkincisi, İlham Əliyevin Paşinyanın “7 şərtini” zibil yeşiyinə atması o deməkdir ki, Azərbaycan heç zaman işğalçının şərtlərini qəbul etməyəcək. Üçüncüsü, İlham Əliyevin “özünə güvənirsənsə, elə bu gün Dağlıq Qarabağın müstəqilliyini tanı” açıqlaması Paşinyana meydan oxumaqdır”.

E.Şahinoğlu qeyd etdi ki, Paşinyandan əvvəlkilər də bunu edə bilmirdilər: “Çünki bilirdilər ki, bunu etsələr, özləri müharibənin başlanmasına rəvac verəcəklər. Bizə də elə bu lazımdır. Paşinyan da Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan kimi, separatçıları rəsmən tanımaqdan qorxur. Paşinyan da o birilər kimi anlayır ki, İrəvanın Dağlıq Qarabağın “müstəqilliyini” tanımasının səhərisi Azərbaycan ordusu antiterror əməliyyatına başlayacaq”.

Siyasi təhlilçi digər diqqətçəkən məqamlara da toxundu: “Nikol Paşinyan rusiyalı jurnalistin “Soros və digər Qərb fondlarına Ermənistanda niyə bu qədər imkan yaradılıb, axı, bu Rusiya-Ermənistan münasibətlərinə mənfi təsir edir” sualına belə cavab verdi ki, həmin fondların nümayəndəlikləri İrəvanda onun hakimiyyətindən əvvəl yaradılıb. Bununla Paşinyan rusiyalı jurnalistə demək istədi ki, Moskvanın bu məsələ ilə bağlı nə etirazı varsa, sözünü Putinin yaxın dostu Robert Köçəryana desin. Məsələ burasındadır ki, Soros və digər fondlar İrəvanda uzun müddət fəaliyyət göstərsələr də, məhz Nikol Paşinyan bu nümayəndəliklərin İrəvandakı erməni təmsilçilərini müxtəlif dövlət vəzifələrinə təyin edib. Bu isə o deməkdir ki, Paşinyan həmin fondlarla sıx bağlıdır. Üstəgəl, Soros Fondunun virusla mübarizə üçün Ermənistana 600 min dollar ayırması da çox nəsnədən xəbər verir. Bütün bu faktları İlham Əliyev sadaladı və Paşinyanın Soros Fondu ilə bağlı yalanlarını faş etdi. İlham Əliyevin Paşinyanın Soros Fondu ilə əlaqələri haqqında söylədikləri Rusiyaya mesaj idi, “görün sizi dəstək verdiyiniz dövlətin lideri nə işlə məşğul olur, Kremlin düşmənlərinə qucaq açır”. Təsadüfi deyil ki, Rusiya mediasında bir neçə gündür Paşinyanın Soros Fondu ilə əlaqələrinə dair müxtəlif yazılar yayınlayır. Bu, o deməkdir ki, Kreml də Paşinyanın “mənim Soros Fondu ilə əlaqəm yoxdur” fikrinə inanmır. Soros müxtəlif ölkələrdəki “rəngli inqilablarla” Rusiyanın əsas düşmənlərindən biri hesab edilir və Rusiyanın vassalı olan dövlətin – Ermənistanın lideri həmin düşmənlə sıx əlaqələr qurub. Ermənistanın baş naziri yalançı və iftiraçıdır”.

Danışıqların perspektivinə gəldikdə, politoloq bildirdi ki, Paşinyanla danışıqlar aparmasının mənası yoxdur: “Bunu prezident İlham Əliyevin son açıqlamalarından da anlamaq olar. Müharibə hazırlıqlarımızı davam etdirməliyik. Azərbaycan-Türkiyə hərbi birliyini gücləndirmək lazımdır. Paşinyan bundan çox qorxur. Buna misal olaraq Paşinyanın rusiyalı jurnalistə dediyi bir ifadəni xatırlatmaq yerinə düşər: “Erməni cəmiyyəti məndən soruşur ki, necə olur ki, Türkiyə Azərbaycana bu qədər hərtərəfli dəstək verərkən, müttəfiq Rusiya Ermənistana kifayət qədər dəstək vermir?” Bu sualın məntiqi cavabı odur ki, bu gün Türkiyə-Azərbaycan siyasi və hərbi ittifaqı Rusiya-Ermənistan ittifaqından güclüdür. Çünki Türkiyə və Azərbaycan bir-birinə sidq ürəkdən bağlıdır, əlaqələr qardaşlıq üzərində qurulub. Rusiya və Ermənistan münasibətləri ağa və nökər münasibətləridir, ağa istədiyi halda nökərini cəzalandıra da bilir”.

E.Paşasoy,
Musavat.com