"Niyyət aydındır və Azərbaycana qarşıdır" - Erkin Qədirli

2 Avqust 2020 16:49 (UTC+04:00)

"Ötən həftə ABŞ Konqresinin Nümayəndə Palatasında ölkəmizin ABŞ-la müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığını əngəlləmək, Ermənistana edilən yardımı bizə olan yardıma bərabərləşdirmək məqsədilə təklif olunmuş düzəlişlərin keçmədiyini yazmışdım. Bu dəfə erməni lobbistləri, özlərinin sadiq Konqresmeni Adam Şiff vasitəsilə, daha bir düzəliş təklif ediblər".

AzNews.az bildirir ki, bu fikrləri millət vəkili Erkin Qədirli Facebook səhifəsində bildirib.

Deputat daha sonra əlavə edib ki, Konqresin kəşfiyyat üzərində nəzarətindən başqa nəsə görmək olmur:

"Öncəki düzəliş layihələrindən fərqli olaraq, bu layihə ölkəmiz üçün birbaşa problem yaratmır, ABŞ hökumətinin üzərinə də bizimlə bağlı heç bir öhdəlik qoymur. Onun məqsədi 2020-ci il ərzində Ermənistan-Azərbaycan sərhəddində, eləcə də Dağlıq Qarabağda, gücün (silahın) işlədilməsinə dair hesabatın 90 gündən gec olmayaraq Konqresə təqdim etməyi Mərkəzi Kəşfiyyat İdarəsinə tapşırmaqdır.

Yalnız tekstə baxsaq, Konqresin kəşfiyyat üzərində nəzarətindən başqa nəsə görmək olmur. Kontekstə baxmaq gərəkdir. Düzəliş layihəsini dəstəkləyən Amerika Ermənilərinin Milli Komitəsinin açıqlamasında aydın deyilir ki, bu düzəliş Azərbaycanın təcavüzkarlığını təsdiqləmək üçün təklif edilib. Odur ki, niyyət aydındır və bizə qarşıdır.

Bu düzəliş layihəsinin qanuni qüvvə ala biləcəyini güman etmirəm. Prezident Administrasiyasının buna qarşı olacağını düşünürəm. Bütün Prezidentlərin dönəmində Ağ Ev Konqresin Mərkəzi Kəşfiyyat İdarəsi üzərində nəzarətinin güclənməsinə qarşı çıxmağa çalışıb. Bu arada, Mərkəzi Kəşfiyyat İdarəsinin indiki rəhbəri, Cina Haspel, 1996-1998 illərdə ABŞ-ın ölkəmizdəki səfirliyində işləyib (kəşfiyyat rəhbəri olub), dilimizi bilir, ölkəmizi və bölgəmizi yaxşı tanıyır".