Hər kəs yerimə utanırmış

2 İyun 2013 21:26 (UTC+04:00)
Elşən Musayev


"Çox qəribə bir durum var. Anlam verməyə son dərəcə çətinlik çəkdiyim bir durum! Hər yazımdan, hər açıqlamamdan, hər müsahibəmdən sonra sanki üzərimə səlib yürüşü təşkil olunur. Sosial şəbəkələrdəki səhifələrimə, email ünvanlarıma təhqir, hiddət, hətta bəzən qarğış dolu həmlələr gəlir. Davamlı şəkildə. Durmadan. Həm də kölgə altdan, özgə addan, təxminən ruh kimi...

Sən demə, hər kəs yerimə utanırmış, xəcalət çəkirmiş, rəzalət hissi keçirirmiş. Və içlərindəki vicdan hissi, hər seçkidən bir rotasiya qaydasında dövr edən vətən eşqi, Azərbaycançılıq sevdası imkan vermirmiş Elşən Musayevi və onun siyasi mövqeyini həzm etməyə...

Mən də bunlar kimi düşünəcəkmişəm, 20 il ömrümü mitinq meydanlarına siqaret kötüyü tullamaqla keçirəcəkmişəm, liderlərimin "vahid namizəd" şousunu, illər boyu davam edən alqı-satqı oyununu izləməliymişəm, "böyüklərim" evdə oturub mürəbbəli çay içərkən küçələrdə-dalanlarda özümü döydürməli, siyasi kamikadze cildinə girməli, ardınca da həbs edilməliymişəm. Novxanıda Rəsulzadəyə öndərim deyib, 2-3 saatdan sonra Rəsulzadəni devirənlərin diktəsi, təlimatı ilə yaradılan təşkilata qoşulacaqmışam...

Ən nəhayət, özümü arvad adı ilə facebook "profil"lərinə verib ana-bacı söyüşü söyməliymişəm!

Xeyir ola, niyə? Öhdəlikmi götürmüşəm sizlərin qarşısında? Mütləq siz düşünən kimimi düşünməliyəm? Sizin gəncliyiniz, həyatınız bir heç uğruna, ya da hansısa ambisiozun ucbatından güdaza gedibsə, mənim günahım nədir? Bir sifət daşımaq ayıbmıdır? Getdiyi yolun düzünə də, yalnışına da cavabdeh olmaq, ən ağır məhrumiyyətlərə rəğmən sınmamaq, satılmamaq, iki başlı oynamamaq, qarşılıq gözləmədən yoluna davam etmək, əqidədən dönməmək çoxmu böyük qəbahətdir?

***

Bir adam yüzünün əvəzinə şərh yazır, həndəvərimdə nifrət mühiti yaratmaq istəyir. Alov püskürür, kin yağdırır... Nə olsun, dəyişən bir şey varmı? Dəyişdirə bilirsinizmi məni? Siyasi meydandakı boşuna əməyin ardınca bir də üzərimə yönələn çabalara heçmi heyfiniz gəlmir? Siz artıq müxalifətçiliyi bir peşəyə, həyat tərzinə çevirmisiniz, fərqindəsinizmi?

Axı, söylədiyiniz hər şeyə rəğmən – heç cür qılığına girə bilmədiyiniz dünyanın özü etiraf edir ki, Azərbaycanda tək monolit komanda İlham Əliyevin rəhbərlik etdiyi komandadır! Ən güclü olan odur! Bütün beynəlxalq qurumlar, təşkilatlar fitnənizə uyub verdikləri bəyənatlara, açıqlamalara baxmayaraq ölkədəki dinamik inkişafı, stabil durumu görməzdən keçə bilmirlər. Baxın, radikal müxalifətin dəyirmanına illərdir su tökən Qross belə dünənki müsahibəsində söyləyir ki, Ramiz Mehdiyevdən öyrəniləcək çox şey var...

Yaxşı bəs, sizdən niyə sitat gətirən yoxdur? Sizin adınızı niyə dilinə alan yoxdur? – Bu haqqda heç düşündünüzmü?

Bəli, mən Əliyevçiyəm və ona görə Əliyevçiyəm ki, mənim liderim Azərbaycan maraqlarını bir çox bədxahlardan fərqli olaraq hərraca çıxarmır! O qərbpərəst, ruspərəst, iranpərəst deyil-Azərbaycanpərəstdir! Dövlətin, millətinnin haqqını kimsəyə güzəştə getmir. Nəinki hansısa səfirin, hətta o səfirin böyüyünün belə sözünü anındaca, qətiyyətlə rədd etməyə qadırdır. Hansısa ölkənin təlimatı, diqtəsi ilə deyil, yalnız xalqının iradəsi ilə öz gücünü bərqərar edir...

Buyurun, indi də siz mənə öz liderinizlə qürur duya biləcəyiniz bir-iki kəlmə söyləyin..

Söyləyə biləcəyiniz bir şey varsa təbii..."//qafqazinfo//

AzNews.az