Beyrutdakı partlayışların Bakıdakı əks-sədası

10 Avqust 2020 15:15 (UTC+04:00)

Livanın paytaxtı Beyrutda güclü partlayışlar baş verməsi, dünyanın müxtəlif dövlətlərinin, o cümlədən Azərbaycan və Türkiyənin faciənin zərərdidələrinə yardım etməsi, ardınca isə başlamış iğtişaşlar Azərbaycan ictimaiyyəti tərəfindən də diqqətlə izlənir. Ona görə ki,

burda böyük və nüfuzlu erməni icması yaşaması, hakimiyyətin guya onların nəzarətində olması və Livanın bütövlükdə anti-türk, anti-azərbaycan mövqeyində durması haqda müəyyən qədər şişirdilmiş, təhrif edilmiş təsəvvürlər var; Azərbaycanın “belə bir” ölkəyə, həm də pandemiyanın doğurduğu maliyyə sıxıntıları gözlənilən indiki vəziyyətdə 1milyon dollarlıq yardım ayırması yanlış hesab olunur; Livanda başlamış kortəbii etiraz dalğası yeni “ərəb baharı”nın başlanğıcı əlamətləri daşıdığından həmişəki kimi bu aksiyalarla Azərbaycan reallıqları arasında uğursuz paralellər aparılır; İran, Avropa İttifaqı, ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Rusiya və Türkiyə Livanda maraqlı tərəfdirlər, Azərbaycanda ənənəvi olaraq bu ölkələrin təmsil etdiyi fərqli geosiyasi qütblərə ifrat rəğbət bəsləyən kəsimlər var və onlar Livan mövzusunu diqqətdə saxlayaraq əks qütbləri suçlamaqda davam edirlər və s.

Həqiqətə gəlincə, Livanda, əlbəttə ki, böyük erməni icması var. 1930-cu ildən ermənilərin ikinci böyük dini mərkəzi sayılan Kilikiya katolikosluğu Beyrutun 5 km-liyindəki Antalias qəsəbəsində yerləşir.

Livan - 6 milyon əhalisi 10 min kv. km ərazisi olan ərəbdilli ölkədir. Ölkə ənənəvi olaraq müxtəlif konfessiyaların arasında bölünmüş vəziyyətdədir (burda 17-yədək dini icma var). Bu durum yeni deyil, Osmanlı hakimiyyəti də Beyrut vilayətinin indiki Livanı əhatə edən eyniadlı-Beyrut sancağında hakimiyyəti qorumaq üçün dəruzi (Azərbaycanda “druz” və ya “durzi” kimi də tanınırlar-C.Q) konfessiyasına istinad edirdi. Sünni İslamının dayağı sayılan Osmanlı xəlifəsinin burda ortodoks İslamın bidətçi hesab etdiyi, Fatimilərdən qalma, hətta şiə məzhəblərinin çoxunun dindən xaric saydığı dəruziyyəyə istinad etməsinin səbəbi isə Şamın sünni əhalisinin uzun müddət Osmanlını deyil, Qahirədəki Abbasi xəlifəsini qəbul etməsi, burda sünniliyin şafii və hənbəli məzhəblərinin daha geniş yayılması, hənəfiliyin də Anadolu hənəfiliyindən fərqli olmasında idi. Ənənəvi olaraq əvvəl Konstantinopola, sonralar isə Avropaya (Fransaya) meyilli olan maroni(katolik kilsəsi ilə uniyada olan qədim Şərq Kilsəsi) icmasına qarsı dəruzilərdən istifadə edilirdi. Yeri gəlmişkən, dəruzilərin lideri Valid Cumbulatın familiyası türk əsilli olduğu kimi türklər arasında yayılmış “Ecevit” familiyasının da dəruzi mənşəli olduğu iddia edilir(dəruzlilərin elitasına “əcavid” deyilir).

Fransa mandatı altında olduğu illərdə həm fransızların dəstəyi, həm də indiki Livan ərazisində çoxluq olduqları üçün(hərçənd ozamankı siyahıyaalmaların obyektivliyi şübhə doğurur) maronilər ölkənin əsas icması sayılıb. 1943-cü ildə xristianlar, sünnilər və şiələr arasında əldə edilmiş “Milli pakt”a əsasən parlamentdə xristianların və müsəlmanların təmsilçiliy 60-40 faizi nisbətində idi, prezident maroni icmasından, baş nazir sünni icmasından, parlamentin sədri isə şiə icmasından seçilir, ortodoks, melkit, erməni -qriqorian, erməni-katolik, dəruzi icmaları parlamentdə və hökumətdə təmsilçilik hüququ əldə edirdilər. Pakta əsasən, şiə və sünnilər böyük Suriyaya birləşmək cəhdlərindən imtina etməli idilər. “Milli pakt”da adı keçən icmaların hər biri faktiki olaraq “dövlət içində dövlət” statusundadır və hansısa xarici gücə bağlıdır. Maroni və melkitlər Fransaya, ortodokslar Yunanıstan və 19-cu əsrdən etibarən həm də Rusiyaya (məsələn, məhcər ədəbiyyatının tanınmış nümayəndəsi, ortodoks Mixail Nueymə Rusiyada təhsil almışdı), erməni icmaları Fransa və Ermənistana, sünni icmaları əvvəllər Suriyaya, indi Səudiyyə Ərəbistanına, qismən də Türkiyəyə, şiə icması əvvəllər Suriyaya, indi İrana(bəzi ərəb nəşrləri isə şiə “Hizbullah” hərəkatının Rusiyanın nəzarətinə düşdüyünü iddia edir (1) ), dəruzilər əvvəllər Türkiyə, indi həm də İsrailə bağlıdırlar və s.

Belə mürəkkəb, daim qarşıdurma, cəbhələşmə, ixtilaflar yaratmağa qabil siyasi sistemə rəğmən Livanı “Failed state”(uğursuz dövlət) də adlandırmaq olmur. Çünki xaricdən gəlmə olsa da XVIII əsrin sonları XIX əsrdən etibarən Livan ideyası, hətta “Livan dili” yaratma cəhdləri olub, əhalinin özlərini arami və finikiyalı kimi tanıması üçün xüsusi livanlı kimliyi yaradılması təşəbbüslərinin alınmadığını da demək çətindir. Bununla yanaşı pansirizm (Şam və Mesapotomiya ölkələrini vahid böyük Suriyada birləşdirmək ideyası) və panərəbizm ideyalarını yayanların, ümumərəb təəssübkeşliyini önə qoyanların içərisində çoxsaylı livanlı( o cümlədən xristian mənşəli) olub və indi də var. Bu sırada adları azərbaycanlı oxucuya da yaxşı tanış olan Circi Zeydan, Cubran Xəlil Cubran, Əmin Məluf kimi müəllifləri xatırlatmaq yerinə düşərdi. Livan iqtisadi baxımdan qonşularla müqayisədə kifayət qədər yaxşı inkişaf edib. Maliyyə, turizm, əyləncə, inşaat, mətbəə, aqrar və yeyinti sənayesi kimi sektorların gur inkişafına görə uzun illər bu ölkəni “Şərqin İsveçrəsi” də adlandırırdılar.

Ötən əsrin 50-70- cillərində xristian icmasında müşahidə olunan böyük mühacirət dalğası, müsəlman, xüsusən şiə əhalisi arasında yaşanan demoqrafik bum, siyahıyaalmalarda dəqiqləşdirmələr göstərdi ki, müsəlmanlar ötən əsrin 70-ci illərində artıq çoxluq təşkil edir. Belə vəziyyətlə barışmayan müsəlman icmasının dini azlığın hakimiyyətinə qarşı mübarizəsi 70-80-ci illərdə vətəndaş müharibəsi ilə yekunlaşdı. Sünni icmasının silahlı fələstinli qaçqınları öz ordusu kimi istifadə etməsinə seyrçi qalmayan İsrailin hərbi müdaxiləsi ilə vətəndaş müharibəsi bitsə də, yaranmış yeni reallıqlar “Milli paktı” təzələməyi zəruri edirdi. Nəticədə parlamentdə xristian və müsılamanların 60-40 nisbəti 50-50 nisbəti ilə əvəzləndi, maroni prezidentin səlahiyyətləri sünni baş nazirin xeyrinə azaldıldı. Fələstinli silahlılar və ölkədəki Suriya ordusu isə yeni nizamın qarantına çevrildi.

1956-cı ildən xristian prezidentin müraciətinə əsasən ölkədə ABŞ qoşunları da yerləşirdi. Yalnız şiə və dəruzi döyüşçülərin əməliyyatları amerikanları 1984-cü ildə Livandan təxliyə olmağa məcbur etmişdi. İcmaların demoqrafik göstəriciləri dəyişdikdən, “Milli pakt” yeniləndikdən, nəhayət, əvvəl sünni, sonra şiə icması ciddi silahlı faktora çevrildikdən sonra ölkəni “üç prezidentli respublika” adlandırırlar( ərəbcə prezident(rəis -ul-daulə), parlament sədri(rəis -ul-bərləman) və baş nazir(rəis-ul- vüzəra) titulları “rəis” sözü ilə ifadə olunur). Bu, sadəcə, söz oyunu deyil, acı reallıqdır, ölkənin üç “dövlət içində dövlət” arasında bölünməsini əks etdirir.

Beləliklə, Livanın erməni prezidentləri olması haqda bizdə səslənın iddialar yanlışdır, bu ölkədəki qüvvələr nisbətinə, icmalar arası centlmen sazişinin (Milli paktın) ruhuna ziddir. O başqa məsələdir ki, erməni icmasının bu ölkədə nüfuzu var, çoxsaylı manevrləri ilə bəzən mühüm həlledici mövqeyə çıxa bilir. Parlament demokratiyasının xarakteri belədir: bəzən qalib partiya hökumət qurmaq üçün siyasi azlıqla bazarlaşmaya məcbur olur. Onları Livanda daimi siyasi azlıq olma təminatını isə Fransa verir. Livan parlamentində erməni deputatların sayı 22-dir.

ASALA-nın Livanda qurulması isə həqiqətdir, o, ölkədə vətəndaş savaşı getdiyi və digər icmalar özlərinə silahlı dəstələr yaratdığı 1970-cı illərdə , təbii ki, Fransanın himayəsi ilə qurulub. ASALA-nın “Orli qrupu” isə bilavasitə Fransada yaradılıb, bütün teraktları da Fransada türklərə qarşı törədib. Yeri gəlmişkən, Livanın ermənilərin əlində olması haqda bizdəki əfsanəyə bənzər siyasi mifologemlər Livanda da Azərbaycan haqda var. Bir tanışım Livanda 90-cı illərdə nəşr olunmuş, Rəsulzadədən Xoyskiyə qədər az qala bütün qurucu babalarımızı yəhudi elan edən broşür göstərmişdi. Sonralar bu iddialara erməni KİV-lərində və Rusiyada mənzillənən separatçı “yeraltı” dərnəklərin nəşrlərində də rast gəldim. Elə son hadisələrdən sonra Azərbaycanda bəzilərinin yardımla bağlı apardıqları yanlış kampaniya ilə sinxron olaraq Livanda da bu yardımdan imtina edilməsi haqda dezinformasiyalar yayılmış, Livan hökuməti bu yalanları təkzib etməyə məcbur qalmışdı(2). Eyni xətdir; bizdə digər Şərq xalqlarına qarşı hansı mərkəzlərdən qaynaqlanan təbliğat gedirsə, Şərq ölkələrində də bizə qarşı eyni mərkəzlər qara PR aparır.

Livan niyə bizim üçün vacib ölkədir?

Bəs Azərbaycanın Livana 1 milyon yardım etməsi vacibdirmi? Sual birmənalı olaraq müsbət cavablandırılmalıdır.

Bu psixoloji basqılara qarşı səfərbər olmaqla yanaşı, Azərbaycan öz böhran diplomatiyasını, humanist missiyasını davam etdirməli, ən mühüm tərəfdaşlarının addımlarını da milli maraqları çərçivəsində pozitiv dəyərləndirməlidir. Əgər doğrudan da Livanda yeni “Milli pakt” təklifi varsa, bunu bizi narahat edən nüansları ardan qaldırmaq üçün fürsətə çevirməyə cəhd etmək olar. Livanda 90-cı illərdə sünni icması müəyyən qədər istəklərinə nail olsa da, şiə icması indiki qüvvələr nisbətini özünün real gücünə və sayına münasib bilmir. Əhalinin 2-3 faizini təşkil edən ermənilərin 22 deputat yerinə qarşı əhalinin 40-45 faizini təşkil edən şiələrin cəmi 27 deputat yerinə malik olması narazılıq mənbəyidir. Türkmən icması vahid dini konfessiyada birləşmədiyindən belə kvotaları yoxdur və təbii ki, bu da narazılıq doğurur. Belə məqamlardan istifadə etmək daha məqsədəuyğun olardı, nəinki livanlıları onlara sırınmış konfessional siyasi sistemin doğurduğu eybəcərliyə görə qınamaq.

Cəmaləddin Quliyev

[1] https://newspaper.annahar.com/article/341598-%D8%B5%D9%88%D8%A7%D8%B1%D9%8A%D8%AE-%D9%86%D8%B5%D8%B1%D8%A7%D9%84%D9%84%D9%87-%D8%A8%D8%AD% D8%B1%D8%A7% D8%B3%D8%A9-%D8%A8%D9%88%D8%AA%D9%8A%D9%86

[1] www.shorouknews.com/news/view.aspx?cdate=07082020&id=4925e0fb-abf0-439d-8b91-4b1ad82b5ddc

[1] www.aznews.az/news/editorsdesk/257827.html

[1] https://gulf365.co/world-news/8423018/%D9%81%D9%88%D8%B6%D9%89-%D8%A3%D8% B1%D8%AF%D9%88%D8%BA%D8%A7%D9%86-%D8%AA%D8%B2%D8%B9%D8%B2%D8%B9-%D8%A7%D9%84%D9%82%D9%88%D9%82%D8%A7%D8%B2-%D9%85%D9%86-%D8%A3% D8%A8%D9%88%D8%A7%D8%A8-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9% 8A%D8%AC%D8%A7%D9%86.html

[1] https://tass.ru/mezhdunarodnaya-panorama/9141501.

[1] www.haber7.com/guncel/haber/3002256-ben-turkmenim-diyen-herkese-verilecek-bakan-cavusoglu-lubnanda-duyurdu