"1300-dən çox vətəndaşın 62 milyon manat əmanəti qaytarılacaq" - Deputat

11 Avqust 2020 14:45 (UTC+04:00)

“Konstitutsiya Məhkəməsi blok olunmuş əmanətlər ilə bağlı qərarını elan etdi. Qərara əsasan, təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir”.

AzNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov bu qərarı şərh edən zaman deyib.

Onun sözlərinə görə, “təshih tədbiri” bəzi bankların əmanət qəbulunun qadağan edilməsi ilə bağlı qərarı nəzərdə tutur: "Yəni, müflis olan banklarda əmanət qəbulu qadağasından sonra götürülən depozitlər qorunan hesab olunur. Xatırladaq ki, "NBC Bank", "AG Bank" və "AtaBank" qadağa olsa da, əhalidən əmanət qəbul ediblər və həmin banklar müflis elan olunduqdan sonra o pullar blok edilib. Bu o deməkdir ki, Konstitutsiya Məhkəməsi bizim təklif etdiyimiz kimi vətəndaşlarımızın xeyirinə qərar qəbul edib. Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir".

Deputat bildirib ki, qərarda eyni zamanda qeyd olunur ki, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır: “Əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz. Bu müflis elan olunan “AtaBank” ilə bağlı məsələdir. Belə ki, bankın bəzi filialı bağlanandan sonra depozitlər digər filiala miqrasiya edilmişdi. Bu məsələyə də məhkəmə aydınlıq gətirdi. Güman olunur ki, bu qərardan sonra yaxın günlərdə əmanətlərin geri qaytarılması ilə bağlı zaman müəyyənləşəcək və qısa vaxtda əmanətlərin qaytarılmasına başlanılacaq. Bu haqda Əmanətlərin Sığortalanması Fondu tərəfindən vətəndaşları məlumatlandırması gözlənilir”.

Səidə Vahid

AzNews.az