Nazirlik kafe və restoranlarla bağlı xəbərdarlıq etdi

17 Avqust 2020 12:30 (UTC+04:00)

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə dair müvafiq qərarlar qəbul edilib. Bu qərarlara əsasən, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmət ərazilərinin dezinfeksiya edilməsi, işçilərin və müştərilərin müvafiq davranış və sanitar normalara əməl etməsi, insanlar arasında sıxlıq normalarının qorunması və s. tələblər müəyyən edilib.

İqtisadiyyat Nazirliyindən AzNews.az-a verilən məlumata görə, ölkədə sərt karantin rejiminin tələblərinin qismən yumşaldılması prosesi çərçivəsində bir sıra sahələrdə fəaliyyətlərin, o cümlədən ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin bərpa edilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl edilməlidir. Karantin rejiminin tələblərinin yumşaldılması şəraitində bu məsələlər xüsusilə aktuallaşdığından, İqtisadiyyat Nazirliyi və onun müvafiq qurumları tərəfindən bu tələblərə əməl edilməsi vəziyyətinə ciddi nəzarət olunacaqdır.

Nəzarət prosesinin həyata keçirilməsi zamanı aşağıdakı məsələlərə xüsusi diqqət ediləcək:

Mövcud tələblərə əməl edilməməsi halları inzibati xəta kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, qaydaları pozan sahibkarlıq subyektlərinə cərimələr tətbiq ediləcək.

Sahibkarlıq subyektlərinin nəzərinə çatdırılır ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə və insanlar arasında ara məsafəsinə dair tələblərə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə, qalan digər tələblərin pozulması isə 211.1-ci maddəsi ilə inzibati xətaya səbəb olur.

Sahibkarlıq subyektlərinin fəaliyyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə qadağan edilmiş fəaliyyət sahələrinə aid olduğu hallarda həmin obyektlər dərhal bağlanacaq. Qaydaların pozulması halları nəzarət aparan strukturların tələbi əsasında dərhal aradan qaldırılmalıdır, əks halda, nəzarət qrupları təsərrüfat obyektinin bağlanmasını tələb edə bilərlər.

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərini, o cümlədən açıq hava sahələrində müştəriləri qəbul edən ictimai iaşə sahəsində çalışan sahibkarları sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə, xüsusilə müştəri qəbulu zamanı adambaşına müəyyən edilmiş sıxlıq normalarına əməl etməyə çağırır, cərimələrə məruz qalmamaq və sahibkarlıq fəaliyyətini yeni həyat tərzinin qaydalarına uyğun şəkildə qurmaq üçün diqqətli və məsuliyyətli davranmağa dəvət edir.