Baydenin Ərdoğanı devirmək planı - ŞƏRH

17 Avqust 2020 13:45 (UTC+04:00)

"Demokratların Amerika prezidentliyinə namizədi, eyni zamanda keçmiş vitse-prezident Co Baydenin Türkiyə barədə söylədiyi fikirlər siyasi və diplomatik əxlaqa uyğun deyil. Bayden faktiki demək istəyib ki, o, prezident seçilərsə, Rəcəb Tayyib Ərdoğanın devrilməsi üçün əlindən gələni edəcək".

AzNews.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq Baydenin fikirlərini şərh edərkən bildirib ki, o, Türkiyədə hakimiyyəti çevriliş yolu ilə deyil, seçki yolu ilə “dəyişmək” üçün çalışacaq: "Bu ifadənin özü o deməkdir ki, Amerika uzun illər boyu Türkiyədə hərbi çevrilişlərdən istifadə edib, indi isə “demokratik” üsuldan istifadə etmək istəyir.

Baydenin cümləsinin bu hissəsində həqiqət payı az deyil. Türkiyədə 1960-ci illərdən bu yana həyata keçirilən hərbi çevrilişlərdə ABŞ Mərkəzi Kəşfiyyatının əli olub. Sonuncu dəfə 1980-ci ildə Türkiyədə hərbi çevriliş baş verəndə Ağ Evin dəhlizlərində “bizim uşaqlar məqsədlərinə çatdılar” deyə qiymət vermişdilər. Vaşinqtonun Türkiyədə sonuncu hakimiyyət çevrilişi cəhdi 2016-cı ildə oldu. Bu dəfə alınmadı. Mərkəzi Kəşfiyyat İdarəsi Fətullah Gülən şəbəkəsinin əli ilə Türkiyədə hakimiyyəti devirmək istədi, ancaq qarşısında qətiyyətli hakimiyyət və cəmiyyət gördü".

Politoloq qeyd edib ki, Türkiyənin heç bir vətəndaşı hakimiyyəti Amerikanın əli ilə dəyişdirilməsini istəməz: "Türkiyədə son illərdə aparılan sorğular göstərir ki, Türkiyə cəmiyyəti anti-amerikan əhval ruhiyyəsinə köklənib. Yəni bu gün Türkiyədə Ərdoğan hakimiyyətinə müxalif olan insanlar belə müxalifətin Amerikanın dəstəyi ilə hakimiyyətə gəlməsini istəməz. Bu mənada müxalifət partiyaları Baydenin açıqlamasından zərər gördülər. Yəni Bayden guya öz düşüncəsinə görə Ərdoğanın hakimiyyətinə son qoymaq istəyir, ancaq açıqlamasıyla seçkilərdə Türkiyə Cumhurbaşqanı üzərində qələbə çalmaq istəyən müxalifətin şanslarını azaltdı. Başqa sözlə Bayden məntiqsiz açıqlamasıyla əslində Ərdoğanın əlini gücləndirdi.

Baydenin noyabr ayında prezident seçilməsi şansı yüksəkdir. Son rəy sorğuları da bunu göstərir. Ancaq Bayden prezident seçilsə belə Türkiyə ilə bağlı dediyini edə bilməyəcək. Ümumiyyətlə, Amerikada seçkidən əvvəl prezidentliyə namizədlər adətən ağlasığmaz bəyanatlar verirlər. Ancaq Ağ Evə yiyələnən kimi Amerikanın milli və təhlükəsizlik maraqlarını nəzərə almaq məcburiyyətində qalırlar. Bu maraqlar isə Türkiyə ilə tərəfdaşlığı diqtə edir. Türkiyə Avrasiya bölgəsinin əsas gücünə çevrilir. Belə bir güclə nifaq yaratmaq Vaşinqtona yaxşı heç nə vəd etmir. Ona görə də Bayden prezident seçilsə, Ərdoğanın əlini sıxmaq məcburiyyətində qalacaq".

Səidə Vahid

AzNews.az