"İnsanlar daha çox azadlıq, daha çox demokratiya istəyir"

17 Avqust 2020 17:00 (UTC+04:00)

“Belarusda baş verənlər gözlənilən idi. Baxmayaraq ki, bu ölkə nəinki MDB məkanında, hətta bəzi Avropa İttifaqı ölkələrində mövcud olan sosial təminat sistemindən daha yaxşı sistemə malikdir. İşsizlik cüzi, əmək haqqları isə region ölkələrində nisbətən yüksək idi”.

AzNews.az xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

O bildirib ki, Belarusiyanı bu məsələdə qonşu Ukrayna ilə müqayisə etmək belə mümkün deyil.

“Amma insanlar daha çox azadlıq, daha çox demokratiya istəyir. Yaxşı istəkdir və bu təbii hüquqdur. Amma istəklə reallıq nə dərəcədə üst-üstə düşür?

Vəziyyət indi o həddədir ki, artıq əvvəlki Belarus yoxdur. Üfüqdə isə iki yol görünür. Bəlkə 3-cü yol da var. Amma görünən iki yoldur.

Belarusda hakimiyyət dəyişir və qərbyönümlü keçid hökuməti qurulur. Sonra hüquqi reformalar və yeni seçkilər keçirir.

Bu halda aşağıdakılar baş verə biləcəkmi?

Belarus Rusiya ilə ittifaq müqaviləsinə xitam verir;

Belarus KollektivTəhlükəsizlik Müqaviləsi Təşkilatından çıxır;

Belarus Avrasiya İqtisadi Birliyindən çıxır;

Belarus Müstəqil Dövlətlər Birliyindən çıxır.

Paralel olaraq:

Avropa İttifaqı ilə Asossasiya sazişinin bağlanması istiqamətində işlər başlayır;

NATO ilə danışıqlar başlayır;

Avropa Şurasına üzv qəbul olunmaq üçün danışıqlar başlayır.

Bunlar nə qədər realdır? Mən təsəvvür etməkdə çətinlik çəkirəm. Rusiyanın Belarusdakı geostrateji və həyati maraqlarını bir tərəfə qoyaq. İqtisadi bağlılıq o həddədir ki, yaxın gələcəkdə yuxarıdakıların bir neçəsini reallaşdırmaq ən azı buna görə mümkünsüz görünür.

Belə fərz edək ki, bütün bunlar baş verdi. Sonra nə olacaq? Siyasi, hərbi və s. məsələləri kənara qoyaq və sırf iqtisadi baxımdan yanaşaq, baxmayaraq ki, birincilər daha əhəmiyyətlidir. Belarus istehaslı olan traktorları, avtomobilləri, o cümlədən yük,sərnişin avtomobillərini, məişət texnikasını Avropa İttifaqı ölkələri alacaqmı? Yaxud Belarusun kənd təsərrüfatı məhsullarını- hansı ki, ən azı qonşu Polşa ilə rəqabətə girəcək səviyyədədir, Aİ ölkələri alacaqmı? Kimsə rəqəmlər səsləndirə bilər ki, hazırda Belarus Aİ ölkələrinə filan qədər məhsul ixrac edir. Ola bilər. Amma bu ümumi ixracın neçə faizidir? Zavodlar, fabriklər dayandığı halda hazırda işsizlikdən əziyyət çəkən Avropa İttifaqı Belarus əmək miqrantlarını qəbul etməyə hazırdırmı?

Mən bu sualları cavablandıra bilmirəm”.

S. Məmmədov ikinci variantı da açıqlayıb:

“Belarusda kütləvi aksiyalar ya səngiyir, ya da KTMT-nın yardımı ilə zorla yatızdırılır. Cəmiyyətdə narazılıq son dərəcə yüksək olaraq qalır, lakin o əsasən latent fazaya keçir (ən azı müvəqqəti). Belarus Rusiyanın tam təsir zonasına düşür və suverneliyini de-fakto itirir. Amma bu zaman ölkə daxilində nisbi yüksək sosial təminat sistemi qalır, məşğulluq təmin olunur. Nisbi sabitlik bərqərar olur.

Paralel olaraq:

Avropa İttifaqı və ABŞ Belarusa sanksiyalar tətbiq edir. Belarus tamamilə tədric olunmuş bir ölkəyə çevrilir.

Üçüncü yol varmı?

Bəlkədə var. Ukrayna hər halda nə isə edib. Amma nəyin bahasına? İtirdiyi torpaqların cəmi bir çox MDB dövlətlərinin bütöv ərazisindən böyükdür. Uzunmüddətli planda bəlkə də iqtisadi və sosial sahədə stabilləşmə olacaq. Amma nə vaxt?”

Səidə Vahid

AzNews.az