Karantinin gərəkli və gərəksiz qurumları

20 Avqust 2020 12:00 (UTC+04:00)

Felyeton

Bir gün molla quyudan su içərkən ayağı sürüşür və quyunun içinə düşür. Haray-həşirdən sonra camaat quyunun başına toplaşır. Biri əlini uzadaraq deyir:

-Molla, ver əlini!

Molla əlini uzatmır.

O biri yaxına gəlib:

-Ver əlini, molla, -deyir, - yoxsa bir azdan quyuda boğulacaqsan.

Molla tərsliyinə salıb yenə əlini uzatmır, haray-həşir, səs-küy də öz yerində. Nə deyirlər vecinə almır, suyun içində çabalasa da əlini uzatmır ki, uzatmır.

Bayaqdan bütün olanları kənardan izləyən bir nəfər quyuya yaxınlaşıb deyir ki, bəs çəkilin kənara, onu quyudan çıxartsam, mən çıxardacam.

Kənara çəkilib yol verirlər. Adam quyunun başına gələn kimi əlini mollaya uzadıb deyir:

-Molla, al əlimi!

Molla dərhal onun əlindən yapışıb quyudan çıxır.

Camaat mətəl-mətəl həmin adama baxır və soruşur ki, bəs bu necə olur? Bayaqdan daha adam qalmadı ki, ona kömək əlini uzatmasın, hamıdan imtina etdi, təkçə sizdən başqa.

Adam gülə-gülə cavab verir:

-Siz bu mollanı tanımırsınız. Bu al molladır, ver molla deyil. Siz ona deyirdiniz molla, "ver əlini" , o da əlini uzatmırdı. Mən isə dedim ki, "al əlimi", O da dərhal əlini uzatdı. Bu mollaların "ver" sözündə əlləri bərkdi.

İndi bu karantinin altı aylıq müddətində bəzi qurumlar "ver"məyə yox, almağa öyrəniblər. Beləsinə nə deyəsən, vallah bilmirəm. Bax, Allahın beş milyonluq Gürcüstanını götürək. Yeri gəlmişkən, bizim karantin yetkililəri özlərini Ermənistanla müqayisə edirlər. Bah! Çürüyən, yalanla qoxuyan ermənilərlə özünü müqayisə etməyə nə var ki? Zatən o ölkə çökür. Hünərin var, müqayisəni Gürcüstanla apar. Gör onda nə boyda üfürülmüş şarlar çıxacaq ortalığa. Bu şarlar o qədər şişib ki, iynə dəyməsə də, az qalır partlasın. Rəhmətliyin oğlu, şarları bu qədər üfüləmək olar? Üfülüyənlər az qalıb boğulsunlar, qıpqırmızı olublar, gözləri hədəqələrindən çıxmaq üzrədir, ancaq "yuxarıdan" deyirlər ki, yaxşı-yaxşı üfüləyin, yoxsa cəzalanarsınız. Yazıqlar neyləsinlər? Aşağı baxırlar bığdı, yuxarı baxıb saqqalı görürlər.

Gürcülərdə isə əksinədir. Bığla saqqal öz yerindədir, heç nəyi səhv salmayiblar, hər şey səliqə-sahmanında.

Kasıb gürcülərin qazancı bizim nöyütdən, qazdan, dəmir yolundan, bir də ölkəyə axışıb gələn ( ucuzluq və yaxşı xidmətə görə) turistlərdəndir. İndi turistləri qoyduq bir kənara, çünki COVİD-19 turizm bazarını öldürüb. Deməli gürcülərin ümidi bizə qalıb. Ümid bizə də qalsa, daha heç zad, "verə" keçəcəyik. Bunu onlar da bildiyindən öz başlarının çarələrini özləri qılmağa çalışırlar. Və qılırlar da. Niyə də yox? Bizim imkanlı adamlar var-dövlətinin bir hissəsini Gürcüstanda yatırım ediblər. Onların bığlarının altından keçmək bəs edər ki, burada düzəlməyən məsələlər orada düzəlsin.

Mən də deyirəm Canikin "AZAL"-da olan və təyyarədəki jurnalda niyə Gürcüstan səksən faiz təbliğ olunur? Sən demə onun yatırımının bir hissəsi Gürcüstandadır.

Otellər, kazinolar, restoranlar, nə bilim yolqırağı butiklər, daha nələr, nələr...

A kişilər, bundan sonra Canik mal-mülkünü qoyub sənin dövlətini təbliğ edər, əttövbə etməz. Belələri üçün hər yer Dubaydır, Antalyadır, Londondur. Onlar üçün Dövlət yatırım olan yerlərdir. Axtarsan cibindən beş-altı dövlətin vətəndaşlıq pasportu çıxacaq. Məşədi İbad demişkən "O olmasın, bu olsun."

Bax, sənin qurumunun adı "AZAL" dır, yəni az al, az qazan. Sən neylədin bu karantin vaxtı? Çox aldın, yəni camaatın biletini batırdın "COVİD" kimi hörmətli virusun içində. Kompensasiya nədir, üstəlik əlavə pul da istədin. Almağa yaman öyrənmişik. Verməklə heç aramız yoxdur. Verəndə də yuxarı veririk. Guya karantinə qədər bu qurum fərli idi. Keçən il Türkiyəyə iki bilet sifariş verdim. AZALda gediş-gəliş 1600, "Türk hava yolları"nda isə 800 manat idi. Necədi sizin üçün? Nöyüt bizdə, qaz bizdə. Bu ilin əvvəlində belə məlumat verdilər ki, bəs keçən il dörd milyondan çox sərnişinə xidmət etmişik. Bəs bu pullar hara getdi ki, hələ dövlətdən də yardım alırsan. Yenə də "Al" çıxdı ortalığa. Bir sözlə karantin vaxtı "AZAL" yararsız çıxdı. Prezident də ştampı vurdu.

Qayıdaq gürcülərin üstünə. Bu ölkədə xəbər yayıldı ki, bəs karantin vaxtı əhalidən qaz pulu, işıq pulu yığılmayacaq. Dövlət özü bu pulu ödəyəcək. Deyirəm bu gürcülər qudurublar, e... A kişilər, bütün bunları bizdən pulla alan gürcülər (ölüb e, Xankişi nəyisə onlara havayı versin, bizimkilər də "ver" ə öyrəşməyiblər) camaata pulsuz verirlər. Heç bizi fikirləşmirlər, e... Daha demirlər ki, bu xəbərlər bizə gəlib çatar, əhali bütün bunları müzakirə edər və soruşar ki, bəs bu əjdahadan bizdə niyə yoxdur. Soruşarlar? Özüm ölüm, soruşmazlar. Bax, başqa şeyi soruşurlar. Bizim xalq pul verməyə hazırdır. (Xalq yeganə qurumdur ki, ver sözünə pis baxmır, çünki "verməyə" alışıb), məsələn, əhali işıq pulu verir, ancaq iyul ayında ikiqat, üçqat işıq pulunu necə gupayıblarsa camaatın belinə, baxırsan ki, ordan-burdan narazılıq gəlir. O da elə-belə, adda-budda . Deyir verməyinə işıq pulu veririk, amma çox eləməyin də. Üz-gözümüz abırdan düşdü.

Elə isə Molla Nəsrəddin demişkən qurumun yarısını yararlı, yarısını isə yararsız hesab edək. Sonra da deyirsiniz gürcülər elə gəldi, belə getdi. A kişilər, gürcülər axşamdan çaxırı necə tuluğlarına doldururlarsa bir də səhəri gün saat on ikidə yuxudan oyanırlar. Hə də, karantin vaxtıdır axı. Vurandan, yuxudan durandan da sonra çaxır dolu buynuzu yenidən başlarına çəkib gürcü zənguləsi vururlar. Belə şəraitdə qaz lazım deyil, işıq lazım deyil. Bizdən gedən " turba" lardan da pul öz-özünə axır düz gürcü göbəyinin üstünə. Pulu bilmirlər hara xərcləsinlər.

Yoxsa bizimkilər kimi? Bizim məmurlar bilirlər pulu hara xərcləyəcəklər. Bizimkilər demişkən:

Nədir pul? Mülk, maşın, tazə kəsilmiş əl əti,

Sənə pul göstərərəm Yalta bilərsən Ələti,

Pula qeyrət deyənin zərrəcə yoxdur qələti,

Mənə canımdan əziz budu, bu!

Yox, " ASAN" və "DOSTu" da yararlı qurumlar sırasına daxil etmək olar. "ASAN" hər addlmda ciblərini dolduran məmurların əlindən bezən əhalinin işini asanlaşdırdı, "DOST" sa inciyən, küsən adamları özünə dost elədi.

Yoxsa gənclər və idman qurumu kimi. A kişilər, demək olar ki, hər şəhərdə olimpiya mərkəzi var, çoxunun da ağzı günə qalıb. Bəs bundan az xərc çəkib modul tipli xəstəxanalar oralarda tikə bilməzdinizmi? Nə qədər vəsaitə qənaət etmiş olardıq. Bu qurum heç gəncləri də əməlli-başlı səfərbər edə bilmədi, baxmayaraq ki, prezidentin sərəncamı ilə bu il "könüllülər ili" elan edilib. Əgər bir neçə min könüllü vardısa onlar da müxtəlif müstəqil gənclər təşkilatının könüllüləri idi, bir neçə yerdən qrant alıb " könüllülük" edirdilər. Bu da belə getdi.

Xəbər çıxdı ki, bəs bizim alimlər karantin vaxtı nəsə icad ediblər. Sonra səs quyunun dibində necə batdısa gördüm deyən olmadı, şappəltəsə xalqən başında gurladı.

Sual verə bilərəm? Ver, demokratiya, söz azadlığı deyil? Onda al gəldi.

Bax bizim dövlət bu qədər institutlara, elmi tədqiqat mərkəzlərinə pul ayırır. Nə qədər "dünyaca" tanınan (hə, bu saat) alimlərimiz, doktorlarımız var. Bunlarla yanaşı, bütöv institutlarımız, onların laboratoriyaları nə iş görürlər? Yoxsa Nyutonun cazibə qüvvəsindən hələ çıxa bilməyiblər. Nyuton deyəndə bildiniz də kimi nəzərdə tuturam. Ay canım-gözüm, bu qədər havayı pul xərcləmək olar? Kimi dindirsən namizəd, doktor, bədhəbədə müxbir üzvdür, ziyalıdan cox alim var. Ölkədə məmurların yarısından çoxu namizəd və dissertantdır. Hamısı da elmi kəşflər edib, nailiyyətləri zalımoğlu virusun gözünü deşir, əl-qol açmağa qoymur.

Alimlərimiz də belə getdi.

Alimlərimizdən keçəcəkdim kənd təsərrüfatının sərəncamına verilən "Lizinqlər" və Sahibkarlıq Fondunun yararlı və yararsız məsələlərinə baxdım ki, mənə ayrılan yer tamam dolub. Cünki bu qurum batıra-batıra gedir. Barama istehsalı 30%, taxıl istehsalı isə Allah bilir nə qədər azalıb. Canın saq olsun, əvəzində buqda idxalı artar, qaz vurub qazan doldurarlar. Hələ səhiyyə məsələmizdə də çox suallar açıq qalıb.

Nə isə bunlar da qoy qalsın üçüncü yazı üçün.

Elə isə mən də durum belə gedim.

Yunus Oğuz