Bələdiyyə sədrindən şikayətçiyə inanılmaz - TƏKLİF

3 İyun 2013 12:16 (UTC+04:00)



Masasız bələdiyyəsinin sədri Siyanfər Əliyevlə bağlı redaksiyamıza sensasion şikayət daxil olub.

Şikayəti 2006-cı ildə uşaq evindən çıxmış, hazırda 24 yaşı olan Elnur Salahov adlı Masazır sakini edib.

O, AzNews.az-a bildirib ki, torpaq üçün 3 ildir ki, bələdiyyəyə ayaq döyür, amma heç bir nəticə yoxdur: "Məni aldadırlar, illərdir ayaq döyürəm".

Onun sözlərinə görə, bələdiyyə sədri ilə son görüşündə maraqlı təklif alıb. S. Əliyev ona necə torpaq əldə etməyin yolunu göstərib. S.Əliyev ona deyib ki, Maşallah adlı bələdiyyə üzvünün yanına girərək, ondan torpaq sahəsi istəsin: "Mənə dedi ki, Maşallahın hektarlarla torpağı var. Get onun yanına, ona de, sənə torpaq versin. Verməsə, onun otağında özünü doğra. Dedi ki, belə bir addım atan kimi, nə qədər istəsəm torpaq verəcək".


Şikayətçi deyir ki, S.Əliyev bələdiyyə üzvünün otağında özünü doğraması üçün ona 500-600 manat pul verəcəyini də boyun olub. Onun sözlərinə görə, Maşallah adlı bələdiyyə sədrindən torpaq istəsə də, bələdiyyə sədrinin təklif etdiyi puldan imtina edib və onun təklifini rədd edib: "Mən bu məsələni Maşallah müəllimə dedim. Dedim, imkanın varsa mənə torpaq ayırın, özümə bir koma tikim. Ona sədrin təklifini də dedim. O, mənə torpaq boyun almasa da, Siyanfərin dediklərini eləmədiyimçün mənə görə təşəkkür etdi. Dedi, kasıb oğlansan, yetim uşaqsan, pula aldanıb bu işi edə də bilərdin, ancaq sən eləməmisən".

E.Salahov deyir ki, indi Masazır bələdiyyəsinin sədri S.Əliyev onun bu təklifinin etmədiyi və işin üstünü açdığı üçün onu təhdid edir: "Mən həyatıma təhlükə hiss edirəm. Siyanfər Əliyev məni ölümlə hədələyir ki, niyə bu işi eləmədin, niyə gedib başqalarına danışmısan?!".

Qeyd edək ki, S.Əliyev mətbuata tanış simadır. Onun haqqında mətbuatda dəfələrlə məlumat gedib. Belə ki, bələdiyyə sədri barədə yazılan məlumatlarda o, bələdiyyə məxsus torpaqların qanunsuz zəbt edilməsində ittiham edilir.

Onu da bildirək ki, S.Əliyevlə Masazır bələdiyyəsinin üzvü Maşallah Abışov arasında intirqanın tarixi hələ ötən ilə söykənir. Belə ki, ötən ilin noyabrında M.Abışov da daxil olmaqla Masazır bələdiyyəsinin 4 üzvü sədr Siyanfər Əliyevin qanunsuz olaraq yüz hektarlarla bələdiyyə torpağını şəxsi marağına uyğun olaraq satdığını iddia edən şikayət məktubu ilə mətbuata müraciət etmişdilər. Bir müddət sonra isə onlar bələdiyyə sədrinə qarşı şikayətlərinin olmadığını və aralarında anlaşdıqlarını bildirmişdilər.

Görünür, sədr S.Əliyevin bələdiyyə üzvünə qarşı kini davam edir. Bu üzdən də onun otağında kiminsə özünü doğramasını təşkil edərək, bundan M.Abışova qarşı istifadə etmək niyyəti güdürmüş.

Anar
AzNews.az