Azərbaycan filmi festivalda birinci oldu

21 Avqust 2020 15:15 (UTC+04:00)

Gənc rejissor Rüfət Həsənovun Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası, “Arizona Production”, “Coyote Cinema”, “Mandarin Agency” və “Debüt” Studiyasının birgə istehsalı olaraq çəkdiyi “Daxildəki ada” bədii filmi dünyanın ən nüfuzlu kino festivallarından hesab edilən və 100 000-dən artıq auditoriyası olan Sarayevo Film Festivalında ölkəmizi uğurla təmsil edərək “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub.

AzNews.az xəbər verir ki, bu haqda filmin “facebook” hesabında məlumat verilib.

“Daxildəki ada” filmi Sarayevo Film Festivalının müsabiqə proqramında iştirak edən ilk Azərbaycan filmidir. Filmin post-prodakşn dəstəyi CNC - Fransa Dövlət Kino və Animasiya Mərkəzi və Baku Media Mərkəzinə, media dəstəyi isə İctimai Televiziyaya aiddir. Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssamı Elturan Məmmədov, bəstəkarları Katya Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ağabalayev, icraçı prodüseri Nadir Əliyevdir. Əsas rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.

Səidə Vahid

AzNews.az