Zelenski azərbaycanlı generalla bağlı sərəncam imzaladı

25 Avqust 2020 11:00 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra şəxslərə orden və medalların verilməsi haqqında sərəncam imzalayıb.

Ukrayna KİV-lərinin yaydığı məlumata görə, mükafatlandırılanlar arasında Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini, Gömrük Xidmətinin general-mayoru İqbal Babayev də var. Ukrayna Prezidentinin sərəncamı ilə İ.Babayev “Əmək və şücaətə görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, İ.Babayev 1981-1986-cı illərdə Kiyev Milli İnşaat və Memarlıq Universitetində (KNUBA) oxuyub. 1986-1987-ci illərdə isə həmin universitetin istehsal proseslərinin avtomatlaşdırılması kafedrasında müəllim işləyib. 1987-1991-ci illərdə KNUBA-nın aspiranturasına qəbul olub və müəllimlik fəaliyyətini davam etdirib.

1989-cu ildə əldə olunan nəticələrin və elmi işlərin səmərəliliyinə görə “Ən yaxşı ixtiraçı” adına layiq görülüb. (Qafqazinfo)

AzNews.az