Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı məhkəmə qarşısına çıxarılır

25 Avqust 2020 15:00 (UTC+04:00)

Mədəniyyət Nazirliyinin Ağstafa Rayon Mədəniyyət Evinin sabiq direktoru Vaqif Rafiq oğlu Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

AzNews.az xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Xəqani Səmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun iyunun 23-də yaydığı məlumata əsasən, Mədəniyyət Nazirliyinin Ağstafa Rayon Mədəniyyət Evinin direktoru V.Mehdiyevə məxsus narkotik plantasiyası aşkarlanıb. Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Göycəli kənd sakini, 1984-cü il təvəllüdlü V.Mehdiyev saxlanılıb.

Məlum olub ki, o, özünə məxsus torpaq sahəsində xüsusi aqrotexniki qaydada kultivasiya yolu ilə narkotik xassəli çətənə - kannabis bitkiləri becərib.

V.Mehdiyev narkotik bitkilərin becərilməsi üçün işçi qüvvəsi də cəlb edib.

Belə ki, plantasiyanın xüsusi mühafizəsini təşkil etmək üçün gözətçilər, bitkilərin becərilməsi, suvarılması və kultivasiyası üçün fəhlələr, eyni zamanda orda çalışan işçi heyətinə yemək bişirmək üçün aşpazlar cəlb olunub.

Şahidlərin iştirakı ilə plantasiyadan 30 ədəd ümumi çəkisi 5.675 kq olan çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı V.Mehdiyev şəxsi narkotik bitkiləri şəxsi istifadəsi üçün becərdiyini bildirib.