"Başyeyənlər triosu"nun Fətullah Gülənçi ismi "yeni ziyalı" rolunda- Qulu Məhərrəmli haqqında İlhamə Novruzovanın yazısı

29 Avqust 2020 22:36 (UTC+04:00)

ŞƏXSİ İŞİNDƏN TAM MƏXFİ: Məhərrəmov Allahqulu (Qulu) Məmmədqulu oğlu.

XARAKTERİSTİKA (müəllifin şəxsi qənaətinə əsasən).

Etnik tipi: qarışıq alpinid, görünüşü – endomorfdur.

Xaraktercə olduqca hiyləgərdir. Kütlə içində özünü sakit və təmkinli göstərməyə çalışır.

Naturaca paxıl və xudpəsənddir. İstedadlı və uğurlu kəslərə nifrət edir.
İnsanlarla rahat ünsiyyətə girir və müxtəlif fəndlərlə tez zamanda onların etimadını qazanmağa və təsiri altına salmağa müvəffəq olur.
Nurçu şəbəkəsinin lideri Fətullah Gülənlə yaxın əlaqələri var.
Azərbaycan dövlətçiliyinə təhlükə ola biləcək bir sıra müxalif qüvvələrlə isti münasibət saxlayır.
Müəllifi olduğunu iddia etdiyi 30 kitab və dərsliyin plagiat olmasına dair ciddi şübhələr var.
Vikipediyadan: “Media problemlərinə həsr edilmiş beynəlxalq toplantılarda, media forumlarında Azərbaycan jurnalistikasını təmsil etmişdir. “Azərbaycana namus və sevgiylə” filminin ssenari müəllifidir”.
O zaman elə bundan başlayaq. Q. Məhərrəmli namusu saydığı Azərbaycana sevgisini xarici tribunalarda necə büruzə verib? Namusunu qoruya bilibmi ümumiyyətlə?
Bunun üçün cox uzaq keçmişə ekskurs etməyə, ya başqasını sorğuya çəkməyə belə ehtiyacım yoxdur.
2011-ci ilin fevralı və ABŞ səfəri! O səfər ki, orada mən də təmsil olunmuşdum. Qulu Məhərrəmli ilə ilk “möhtəşəm” tanışlığım məhz burada baş verdi.

17 fevral. Səhər saat 11 radələri. ABŞ Dövlət Departamentində Avrasiya və Avropa Məsələləri Bürosunun Azərbaycan Masası Məmuru Piter Kaufman və İctimai Diplomatiya üzrə masa məmuru Rut Enn Stivens-Klitzlə görüş zamanı Q. Məhərrəmli söz alaraq, ayağa qalxır: “Biz ölkəsinin başında xalqının qanına susamış yırtıcı hakim sülalənin nümayəndəsi duran bir ölkədən gəlmişik!”- fikri ilə çıxışına başlayır. Açığı, əvvəlcə qulaqlarıma inanmadım. Təəccüb qarışıq hiddətlə bu cümləni unutmamaq üçün bloknotuma yazdım. İnsan müxalifətçi də ola bilər, iqtdar aşiqi də. Bu ayıb deyil. Ayıb və əcaib olan televiziyada siyasi şərhçi kimi çalışan birisinin hər həftə nüfuzlu iqtidar yetkililərini verilişininə çağırıb, hökümətin kursuna dair çeşidli ləbbeyklər, difiramblar söyləməsi və indiki hərəkəti idi… “Özünü prezentasiyasının” növbəti “inciləri” ölkədə korrupsiyanın ifrat həddə çatması, medianın total manqurtlaşdırılmasına həsr olunmuşdu.
Eyni səpkili çıxışı Q. Məhərrəmli ABŞ Dövlət Departamentinin Xarici Mətbuat Mərkəzində çıxışı zamanı da etdi… Daha sonra ABŞ Konqresinin Mətbuat Xidmətindəki görüş zamanı da… Ən acınacaqlısı isə müxtəlif universitetlərdə jurnalistika fakültəsinin tələbələri ilə keçirdiyimiz demək olar ki, hər görüş zamanı Q. Məhərrəmlinin Azərbaycandakı durumla bağlı yağdırdığı hədyanlar idi.
Təsəvvür edin -maraq dolu nəzərləri bizə tikilmiş- 100-150 nəfərlik auditoriya… Onu da qeyd edim ki, gənclərin əksəriyyəti ölkəmizin mövcudluğundan belə xəbərdar deyildi. Gələcəyin diplomatları, beynəlxalq şərhçiləri, jurnalistləri olacaq bu gənclər bizi, ölkəmizi tanımağa hazır və həvəsli idilər. Onlara uğurlarımızı vurğulamağa və başlıca problemimiz olan Qarabağ dərdindən kiçik də olsa nəsə demək, yönləndirmək şansımız var idi. Amma səd heyf ki, bu amerikali gənclərdə Azərbaycan haqqında doğan ilk təsvir Q.Məhərrəmlinin bizi qələmə erdiyi kimi, “vəhşi qanunların hökm sürdüyü, insanların davamlı əzildiyi, bütün hüquqların pozulduğu” barbar ölkədən ibarət oldu. Yəqin razılaşarsınız ki, ilk təəssürat həmişə daha sirayətedici və yaddaqalan olur. Zatən bu sözlərdən sonra hansısa trubunalardan dönə-dönə Dağlıq Qarabağdan danışmaq lazımi effekti verərmi görəsən? Məntiqlə mən də əcnəbi olsaydım, belə sual doğardı içimdə: “Siz öz azərbaycanlı vətəndaşlarınıza belə zülm ediriniz, sabah Dağlıq Qarabağ sizə qayıtdıqdan sonra erməniləri qılıncdan keçirməzsinizmi?”.
Bəli, ölkədə problemlər var! Bunu heç kəs inkar etmir. Zaman-zaman danışılır, müzakirə də olunur. Amma siz hər bir ölkədə rast gələ bilinəcək bu narazılıqlardan fil düzəldərək, Azərbaycanın əleyhinə bu cür güclü təbliğat vasitəsinə çevirməyinizlə kimin dəyirmanına su tökürdünüz? Axı siz ağlı heç nə kəsməyən çağa deyil, jurnalistsiniz. Və bilirdiniz ki, ölkəmiz haqda kifayət qədər böyük auditoriyada belə idbar rəy formalaşdırmağınız mütləq gələcəkdə əleyhimizə işləyə bilər. Azərbaycanı heç bir qanunların işləmədiyi dağınıq bir ölkə kimi qələmə verməniz bizim fədakarlıqla, erməni təbliğat maşını ilə döş-döşə gərgin müzakirə aparan vətəndaşlarımızın, diaspor təşkilatlarımızın, ya ABŞ-dakı səfirliyimizin əməkdaşlarının əməyinə kölgə salmırmı?
Qulu Məhərrəmli, əcəba bu idimi sizin “Azərbaycana namus və sevgiylə” ssenariniz? Bu “etiraflarınızdan” sonra bütün səfər boyu məni bu məsələ düşündürürdü: Siz bu xəyanət tapşırığını haradan almışdınız? Axı Dövlət Departamentində sizə bu xüsusda kəskin etirazımı bildirdikdən sonra, bayıra çıxan kimi məni ərkyana qucaqlayaraq, “Ay İlhamə, niyə məndən küsürsən, biz əslində səninlə eyni qayıqdayıq, özü də burada belə danışmalıyıq”- demişdiniz. Niyə? Kimə QULuluq edirdiniz siz?
Yaxşı, əgər iddia etdiyiniz kimi, ölkədə müxalif fikirlərə qarşı “dözülməz təzyiq mexanizmi” olsa idi, vətənə dönəndən sonra kefi kök, damağı çağ vəziyyətdə siyasi tok-şounu necə davam etdirdiniz? Axı sizin “amerikanski” məntiqinizlə ayağınız təyyarədən yerə dəyən kimi ən azından ifadəniz alınmalıydı… İstənilən halda aydındır ki, Məhərrəmlinin bu əməlləri ən azından xüsusi xidmət orqanlarında kimlərəsə yaxşı bəlli idi. Çünki professorun ifşaedici materialları bəzi Amerika KİV və bloqlarında yer almışdı. Hətta çıxışlarından birində Misir baharının Azərbaycana ixrac olunması zərurətindən danışması böyük maraqla qarşılanmışdı. Bəs görəsən xüsusi xidmət orqanlarında Q. Məhərrəmlini belə ciddi-cəhdlə himayə edən, qoruyan və hətta anti-Azərbaycan, anti-dövlətçilik ruhunda təşviqləndirən kimlər idi 2011-ci ildə? Bəlkə o zaman bu məsələ yəqin elə həmin şəxslər tərəfindən məharətlə ört-basdır olunsa da, ən azından indi araşdırma mövzusuna çevrilər?
Ümumiyyətlə o zamankı hadisənin təfərrüatlarını tədqiq edərkən ortaya qalmaqallı bir fiqur və ona Q. Məhərrəmlinin duyduğu sonsuz sevgi və sədaqət çıxır – bu adam Fətullah Güləndir! Türkiyə hakimiyyətinin nəinki qonşuluğumuzda, hətta bizim dövlətin öz içində də vəzifə tutan və heç nədən çəkinmədən “məxməri” çevriliş üçün açıq iş aparan mütəşəkkil bir dəstəyə başçılıq etməkdə suçladığı Hocaəfəndi! Səfərdə olduğumuz müddətdə Q. Məhərrəmli böyük həyəcanla onunla nə zaman görüşəcəyini gözləyirdi. Nəhayət o “nurlu” gün gəlib çatdı və professor Pleyşner, pardon professor Məhərrəmov əlində Ebru TV-nin qalloqraması olan çantası ilə şad-xürrəm otelə döndü (Qeyd: Ebru TV Gülən media imperiyasının bir qoludur). Maraqlı nüansdır ki, adətən söhbətcil olan professor bir günə yaxın bütün proqram görüşlərini niyə təxirə salmasının təfərrüatlarını heç kəslə bölüşmədi. Sadəcə “Gülənlə müsahibəyə getmişdim” dedi. Əcəba hocaəfəndisi ilə efirə getməyən intervyüsu zamanı Q. Məhərrəmliyə nə təlimatlar verilmişdi? Və niyə görə o, bu görüşdən dönən kimi ABŞ Konqresinin erməni tapdağı altında olan Qondarma Dağlıq Qarabağ Respublikasına ayırdığı illik maliyyə yardımına görə dərin təşəkkürünü məhz belə əcaib formada ifadə etdi?: “Bu humanitar yardım erməni tərəfi üçün zəruridir. Çünki onlar da Qarabağ münaqişəsində kifayət qədər itki verib, zərər görüblər və yardımdan istifadəyə tam haqları var!”
Professor, əcaba ermənilərə gələndə siz necə də tolerant, humanist, “ürəyiyuxa” olurmuşsunuz… Heyf ki bu məziyyətləriniz Azərbaycanla bağlı məsələlərin müzakirəsində yerini kin-kidurət və böhtana verir… İroniya bir yana qalsın, Q. Məhərrəmlinin absurd məntiqi burada da özünü göstərdi: “Biz bura Amerika vergi ödəyicilərinin pulu ilə gəlmişik. Onlar da ermənilərə bu yardımların verilməsi üçün lobbiçilik edirlər. Belə danışmaq lazımdır burada, sən bilmirsən, İlhamə, mənə deyiblər!”
Məhərrəmliyə bu “vətənpərvər” çıxış təlimatının kim tərəfindən verilməsini yəqin QULu özü dəqiq bilir, QULu yiyələri, bir də bu yazımın içindəki bir çox mətləbləri anlayanlar… Axı bu onun öz sözləridir: “Fətullah Gülənlə iki dəfə görüşmüşəm. İlk dəfə 1998-ci ildə Türkiyədə, ikinci dəfə isə 2011-ci ildə ABŞ-da… Görünür bu mübarək insanla görüşmək qismətimizdə var imiş. Mən dar gündə Azərbaycana əl uzadan, onun dərdlərini dünyaya çatdıran, sülh və barış carçısı olan bir hərəkata və onun mənəvi liderinə rəğbətimi heç vaxt gizlətmirəm. Nankörler her zaman var ve olacak da. Umudumuzu kaybetmemeliyiz. Ben bu okulların (Çağ Öyrətimdən söhbət gedir – İ.N.) öğretmenlerini, mezunlarını görüyorum. Onlar çok fedakâr insanlar ve onlardan Azerbaycan adına istifade etmemiz gerek”.
İstifadə edin, Q. Məhərrəmli… Necə ki sizdən Azərbaycanın üstünə çamur atmaq üçün istifadə edirlər… Edin, qoy amerikalı gənclər bizi qəddar sadist, ölkəmizi qanunların heç işləmədiyi barbar məmləkət kimi tanısınlar… Qoy ermənilər Konqresin yardımı ilə bir az da ətə-qana doyub, bizi qana boyasınlar… Əsas odur ki, siz ABŞ vergi ödəyicilərinin pulu ilə bir də yolunuzu okeanın o tayından salasınız, yenə də mübarək Hocaəfəndinizin “nurlu” əllərindən öpüb, aldığınız müvafiq təlimat əsasında yeni bir xəyanət tarixçənizi yazasınız! Nə edəsiniz, əsərlərinizi özünüz yaza bilmirsiniz axı…

İlhamə Novruzova

Mənbə: http://avrasiya.info/nurculuq/5861-qulu-meherremli-ve-fetulla-gulen-elaqeleri.html

Müəllif haqqında:

İlhamə Novruzova 17 dekabr 1969-cu ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirərək, Azərbaycan Milli Aerokosmik Agentliyində kosmik tədqiqatlar üzrə elmi işçi kimi fəaliyyətə başlayıb. Hələ 1984-1985-ci illərdə və sonradan 1991 – ci ildə televiziyada aparıcı – müxbir kimi çalışan İ.Novruzova 1995-də yenidən mətbuata qayıdaraq, «7 gün», «Panoroma» qəzetlərində müxbir, «525-ci qəzet»də sosial problemlər şöbəsinin müdiri kimi çalışıb. Uzun illər ərzində AzTV, “Space” TV, “Lider” TV, “Xəzər” TV-də aparıcı-redaktor kimi fəaliyyətini davam etdirib, 40-dan çox sənədli filmin müəllifi olub.