Elmar Məmmədyarov ABŞ-da

3 İyun 2013 21:40 (UTC+04:00)


Açılış sessiyasının əsas natiqlərindən biri olan Nazir Elmar Məmmədyarov Forumun çoxsaylı iştirakçılarına ardıcıl olaraq Azərbaycanın ABŞ və İsrail ilə genişlənən ikitərəfli münasibətləri barədə danışmış və eləcə də Amerika Yəhudi Komitəsi başda olmaqla ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatlarının dövlətlərimiz arasında əməkdaşlığa verdikləri töhfələri təqdir edib.

Azərbaycan və İsrail arasında əlaqələri yaxın dostluq münasibətləri kimi xarakterizə edən Nazir Elmar Məmmədyarov iki ölkə arasında əməkdaşlığın xalqlarımız arasında tarixən formalaşmış xoş münasibətlər, qarşılıqlı anlaşma və son illər əldə olunmuş məhsuldar ticarət və iqtisadi əlaqələr üzərində qurulduğunu göstərib.

Eyni zamanda Nazir İsrailə rəsmi səfərindən bəhs edərək, Prezident Şimon Peres, Baş nazir Benjamin Netanyahu və digər rəsmilərlə səmərəli görüşlər keçirdiyini bildirmiş və iki dövlət arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi məqsədilə müntəzəm məsləhətləşmələrin davam etdiriləcəyini söyləmişdir.

Cənubi Qafqaz regionunda tam miqyaslı əməkdaşlığa əsas maneənin Ermənistan-Azərbaycan münaqişəsi olduğunu qeyd edən Nazir Elmar Məmmədyarov Azərbaycanın ən qısa zaman kəsiyində münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamə əsasında sülh yolu ilə həllini dəstəklədiyini söyləmişdir. Nazir həmçinin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv olaraq Azərbaycanın dünyanın müxtəlif məkanlarında, o cümlədən Yaxın Şərqdə sülhün bərqərar olması üçün səylərini əsirgəmədiyini ifadə edib.

Tədbirdə Azərbaycan xarici işlər naziri ilə yanaşı, Çexiya (Karel Schwarzenberg) və Polşanın (Radosław Sikorski) xarici işlər nazirləri də çıxış etmişlər. Forum çərçivəsində ABŞ Dövlət katibi Con Kerrinin də iştirakçılara müraciət edəcəyi gözlənilir.

Qeyd edək ki, eyni gündə səfir Elin Süleymanov Amerika Yəhudi Komitəsinin gənc liderlərindən ibarət bölməsi olan ACCESS Forumunun bağlanış toplantısında çıxış edib.

1906-ci ildə təsis edilmiş Amerika Yəhudi Komitəsinin ABŞ-ın 26 ştatı, həmçinin dünyanın bir çox ölkələrində bölmələri fəaliyyət göstərir. Komitənin prezidenti Robert Elman, icraçı direktoru isə 2012-ci ildə Azərbaycan prezidentinin sərəncamına əsasən "Dostluq ordeni" ilə təltif edilmiş Deyvid Harrisdir. (trend.az)

AzNews.az