"Axar.az": İrəvan müharibəyə hazırlaşır: Nikolun səfəri... - Zülfüqarov

31 Avqust 2020 17:15 (UTC+04:00)

Bu sözləri sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsi haqda danışarkən deyib.

Politoloq Paşinyanın Qarabağ separatçılarının lideri Araik Arutyunyanla birlikdə döyüş mövqelərində olmasını bu cür şərh edib:

“Son hadisələr və Paşinyanın Dağlıq Qarabağa növbəti səfəri faktiki olaraq Ermənistanın lokal müharibəyə hazırlaşdığını göstərir. Çünki səfər zamanı Nikol Paşinyan separatçı “lider” Araik Arutyunyanla birlikdə Qarabağda yerləşən döyüş mövqelərində olub, daha sonra isə hərbçilərin yaşayış şəraiti ilə maraqlanıb və əsgərlərlə söhbət edib. Göründüyü kimi, Paşinyanın işğal edilmiş torpaqlara budəfəki səfəri tam mənasında hərbi məsələlərə həsr olunub”.

Politoloq qeyd edib ki, Ermənistanda “Müdafiə haqqında” qanuna edilən dəyişikliklərin ictimai müzakirəyə çıxarılması qaçılmaz müharibənin mesajlarını verir:

“Rəsmi İrəvan bir yandan mülki vətəndaşlar hesabına ordusunun say tərkibini artırır, digər tərəfdən isə işğal olunmuş torpaqlarda son vəziyyətlə tanış olur. Bununla belə, Ermənistan Rusiyanın bu müharibədə ona lazımi səviyyədə köməklik göstərəcəyinə inanmır.

İstənilən halda, Ermənistanın müharibə hazırlıqlarına adekvat cavab verilməlidir. Həm diplomatik, həm də hərbi yolla düşmənə vaxtında və layiqli cavab vermək lazımdır”.