"Lavrov bununla Bakıya açıq mesaj göndərir ki..." - Politoloq

1 Sentyabr 2020 17:45 (UTC+04:00)

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüşü zamanı deyib ki, Minsk Qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ssenarilər yazmır, Azərbaycanla Ermənistanın öz aralarında danışa bilməsi üçün şərait yaradır".

AzNews.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bu fikirlərin cəfəng açıqlama olduğunu bildirib:

"Əgər həmsədrlərin səlahiyyəti Lavrovun dediyi kimi yalnız tərəflərin danışması üçün şərait yaratmaqdırsa, onların 25 ildə hazırladıqları müxtəlif həll planları (“mərhələli həll”, “paket həll”, “ümumi dövlət prinsipi” və “Madrid planı”) nədir?

Lavrov bununla yenə Bakıya açıq mesaj göndərir ki, “bizdən münaqişənin həllini gözləməyin”. Siz münaqişənin həll etmək istəmirsinizsə, fəaliyyətiniz nəyə lazımdır? Azərbaycan və Ermənistan rəsmilərinin görüşünü təşkil etmək üçün 3 böyük dövlətin vasitəçiliyinə ehtiyac yoxdur. Rusiya və Gürcüstan arasında olduğu kimi Azərbaycan və Ermənistan rəsmiləri də ara-sıra İsveçrədə görüşüb fikir mübadiləsi apara bilərlər. Bunun üçün həmsədrlərə ehtiyac yoxdur".

Səidə Vahid

AzNews.az