UNEC-in yenidən inşa olunan 3 saylı tədris korpusu istifadəyə verilib

3 Sentyabr 2020 10:45 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib.

AzNews.az xəbər verir ki, sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tədris korpusunun açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım tədris korpusunda yaradılan şəraitlə tanış oldular.

Təhsil naziri Emin Əmrullayev və UNEC-in rektoru Ədalət Muradov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verdilər.

Bildirildi ki, tikintisinə 2018-ci ildən başlanılan və müasir standartlara cavab verən yeni tədris korpusu köhnə binanın fasadı saxlanılmaqla inşa edilib. Müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan yeni binada texniki və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək. Binada auditoriya, mühazirə, linqafon otaqları, ən müasir texnologiya ilə təchiz olunan laboratoriyalar, idman zalı, kitabxana, böyük və kiçik konfrans zalları var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.