Bu gecədən rayonlara gediş-gəliş bərpa olunur

7 Sentyabr 2020 12:00 (UTC+04:00)

Sentyabrın 8-i saat 00:00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun giriş-çıxışlarındakı karantin polis postları fəaliyyətini dayandıracaq.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, gecə saat 00:00-dan etibarən artıq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş-çıxış sərbəstdir: "Postlarda bəzi texniki avadanlıqlar var ki, onlar hələlik orada qalacaq, amma fərdi avtomobillər və taksilərin hərəkətinə qadağa aradan qaldırılacaq. Rayonlara və rayonlardan Bakı, Sumqayıt və Abşerona sərnişindaşıma hələlik yalnız fərdi avtomobillər və taksilərlə olacaq. Avtobuslarla sərnişin daşınmasına hələki icazə verilmir. Çünki Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında ictimai nəqliyyatla sərnişindaşıma qadağandır".

K.Əliyev bildirib ki, sabahdan etibarən taksilərin fəaliyyəti sərbəst olsa da, bu məsələ bütün taksilərə şamil edilməyib: "Yalnız fərqlənmə nişanı olan, rayonlara sərnişin daşımağa icazəsi olan taksilər fəaliyyət göstərə biləcək".

Polis polkovniki sürücü və sərnişinlərə müraciət də edib: "Sentyabrın 8-i saat 00:00-dan gediş-gəlişə icazə verilməsini eşidən sürücülər gecə saatlarında yola çıxmasınlar. Yəni bu, bir günlük və ya bir saatlıq icazə deyil. Gecə saat 00:00-dan icazə verilirsə, bu o demək deyil ki, hamı 00:00-dan sonra dərhal rayona və ya rayonlardan Bakıya hərəkət etsin. Ayın 8-dən sonra hərəkət sərbəst olacaq. Maksimum sürücülər çalışmalıdırlar ki, gecə saatlarında vacib olmadığı halda yol çıxmasınlar. Bu həm sürücü, həm də sərnişinlər üçün təhlükəli ola bilər. Sürücülər sabahdan etibarən günün istənilən vaxtı sərbəst hərəkət edə bilərlər". (Trend)

AzNews.az