Qubada itən azyaşlı ailəsinə təhvil verilib

12 Sentyabr 2020 14:25 (UTC+04:00)

Quba rayon ərazisində azyaşlı oğlanın tək dolaşması həmin ərazidə xidmət aparan Rayon Polis Şöbəsinin əməkdaşlarının diqqətini cəlb edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AzNews.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal uşağa yaxınlaşaraq onun səhvən bura gəlməsini və evlərini tapa bilməməsini müəyyən ediblər.

Daha sonra azyaşlı Quba RPŞ-nə gətirilərək onun ailəsinin axtarışına başlanılıb. Qısa müddət ərzində uşağın Qusar rayon sakini 2016-cı il təvəllüdlü A.Q. olduğu müəyyənləşdirilib və həmin azyaşlının valideynləri tapılaraq onlara təhvil verilib.

Valideynlər övladlarının sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə görə DİN və Quba RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə dərin minnətdarlıqlarını bildiriblər.