ABŞ-da 28 nəfər meşə yanğınlarının qurbanı oldu

13 Sentyabr 2020 23:53 (UTC+04:00)

ABŞ-ın qərb ştatlarında son həftələr ərzində tüğyan edən təbiət yanğınları səbəbindən azı 28 nəfər həyatını itirib.

AzNews.az BBC telekanalına istinadla xəbər verir ki, ən çox ölüm halları Kaliforniya ştatında qeydə alınıb. Orada meşə yanğınları 19 nəfərin həyatına son qoyub. Onların çoxu son bir neçə gündə həlak olub.

Hazırda Amerikanın qərb ştatlarında 100-dən çox yanğın ocağı var. Ən ağır vəziyyət Kaliforniyada, həmçinin Oreqon və Vaşinqtonda müşahidə edilir. Milli idarələrarası yanğın mərkəzinin məlumatına görə, yanğınlar 1,9 milyon hektardan çox ərzazini əhatə edir.

Ağ evin mətbuat katibinin müavini Cadd Dir bildirib ki, ABŞ prezidenti Donald Tramp yanğınlarla bağlı vəziyyəti yerində öyrənmək üçün sentyabrın 14-də Kaliforniyaya gedəcək.