İlham Əliyev: Neft yataqlarımız nə vaxtsa tükənəcək

14 Sentyabr 2020 15:15 (UTC+04:00)

“Təbii ki, bizim neft yataqlarımız nə vaxtsa tükənəcək. Düzdür, biz yaxın müddətdə həm yeni neft, həm də qaz yataqlarının istismarına başlayacağıq, çalışacağıq ki, hasilat səviyyəsi sabit olaraq qalsın”.

AzNews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında bildirib.

"Bizim əsas gəlir mənbəyimiz olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında təbii tənəzzül də qaçılmazdır. Biz bu boşluğu məhz qeyri-neft sektoru hesabına təmin etməliyik. Tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün əlbəttə ki, bizə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün tədiyyə balansımızın müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma biz çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır”, - deyə o, qeyd edib.