“Jurnalisti təhqir edən polislər cəzalandırılmalıdır“ - VİDEO

4 İyun 2013 14:38 (UTC+04:00)
İyunun 3-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşları Rasim Əliyev və Mehman Hüseynov peşə fəaliyyətini yerinə yetirərkən polisin fiziki təzyiqinə məruz qalıblar.

R.Əliyev Turan-a bildirib ki, hadisə bir qrup gəncin Bakının mərkəzində Nizami küçəsində Türkiyəyə dəstək aksiyası zamanı baş verib.

"Mən polisin aksiya iştirakçısı olan qızla mübahisə etdiyini və qızı təhqir etdiyini çəkirdim. O, mənim üstümə gəldi və "sən kimi çəkirsən" deyib yumruqlamağa başladı", - R.Əliyev qeyd edib.

Onun sözlərinə görə, üzərində "press" sözü yazılmış jilet olub.

Digər reportyor Mehman Hüseynov bütün bunları çəkə bilib. Onun sözlərinə görə, polis komandiri kameranın onun əlindən alınmasına və kadrların silinməsinə göstəriş verib. Lakin M.Hüseynov qaça bilib.

Media Hüququ İnstitutunun təmsilçisi Xalid Ağaliyev polisin hərəkətini ifadə azadlığının və jurnalistlərin hüquqlarının ciddi məhdudlaşdırılması kimi qiymətləndirib. "Jurnalistlərə basqılar Cinayət Məcəlləsinin 163-cü maddəsi üzrə məsuliyyət yaradır. Polis əməkdaşlarına qarşı cinayət işi qaldırılmalıdır", -X.Ağaliyev bildirib.

Öz növbəsində DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, zorakılığa məruz qalan jurnalist polisə müraciət etməlidir. Bundan sonra iş araşdırılıb, hüquqi qiymət veriləcək.

RATİ-nin direktoru Emin Hüseynov bildirib ki, o, DİN rəhbərinin adına rəsmi şikayət göndərib.

"Biz jurnalistə fiziki təzyiq göstərən və onu təhqir edən polislərin cəzalandırılmasını tələb edirik", - o vurğulayıb.




AzNews.az