“Qanun”dan daha bir möhtəşəm tərcümə - KİTAB EVİ

4 İyun 2013 15:22 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, "Qırmızı və Qara" romanı XIX əsr fransız ədəbiyyatının görkəmli nümayəndəsi, psixoloji realizm janrının banilərindən biri olan Stendalın (əsl adı Mari-Anri-Beyl – 1783-1842) yaradıcılığının zirvəsi hesab edilir.

Romandakı hadisələr 1830-cu il Fransa inqilabından sonrakı dövrdə cərəyan edir. Əsərin qəhrəmanı Jülyen Sorel kilsə xadimi olmaq istəyən savadlı, şöhrətpərəst bir gəncdir. Əslində, o heç Allahın varlığına da inanmır, din onun üçün sadəcə olaraq, karyera vasitəsidir. Jülyen ürəyində Napoleona rəğbət bəsləyir və belə hesab edir ki, əgər onun vaxtında doğulsaydı daha yüksək mənsəbə çata bilərdi. İndisə zəmanə dəyişdiyinə, cəmiyyətdə üstün mövqelərə nail olmağın yolu yalan və riyakarlıqdan keçdiyinə görə gənc din xadimi yeni oyun qaydalarını məmnuniyyətlə qəbul edir, bu yolda qanlı cinayət törətməkdən belə çəkinməyərək həyatını faciəli sonluqla başa vurur. Müəllif mənsəb hərisliyiylə daxili qüruru və eqosu arasındakı ziddiyyətlər içində çabalayan qəh­rə­manının həm romantik sevgi hisslərini, həm ehtiraslı eşq səhnələrinin ruhi-cismani incəliklərini ustalıqla təsvir edir, həm də sosial münasibətlər sferasında cəmiyyəti bürüyən meş­şanlıq, şəxsiyyətin deqredasiyası kimi mühüm ictimai problemlərin kökünü mahir bir psixoloq kimi açır və sonadək oxucunu öz cazibədar təhkiyəsinin ovsunu altında saxlayır.

Kitabın rus dilindən tərcüməçisi jurnalist Günel Mövluddur. Nəşriyyat redaktorluğunu isə tanınmış ictimai-siyasi xadim Mehman Cavadoğlu həyata keçirib.

AzNews.az